Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda kəskin appendisitin simptomları - Valideynlərin diqqətinə

  • 2022.04.21 16:10
  • 1947 Baxış
Uşaqlarda kəskin appendisitin simptomları  - Valideynlərin diqqətinə


Kor bağırsağın ucunda yerləşən soxulcana bənzər əlavə hissəcik appendiks adlanır. İltihabi proses nəticəsində kəskin appendisitə çevrilir. Həmçinin xroniki appendisit forması da var.


Uşaqlarda, hətta körpələrdə belə həyati təhlükə yarada biləcək kəskin appendisit sindromu valideynləri qəfil yaxalayır. Uşaqda niyə appendisit iltihablaşdı sualına cavab tapmaq lazım deyil.

Çünki onun konkret səbəbi yoxdur. Əsas səbəblərdən qeyri-sağlam qidalanma, çoxlu qoz, tum, suxarı qəbulu, orqanizmdə infeksiya ocağının olması, hətta dişlərdə karies göstərilə bilər. Appendisit tutması üçün uşağın zəif, arıq və ya sağlam olmasının heç bir önəmi yoxdur.

Bu problemin qarşısını almaq üçün məqsədıi profilaktik tədbirlər də işlənib hazırlanmayıb. Appendisit hər kəsdə ola bilər, burda valideyndən əsas tələb olunan simptomları düzgün və vaxtında tutmaqdır.

Medicina.az uşaqlarda kəskin appendisitin simptomlarını təqdim edir:

-Hərarətin qalxması

-Sağ nahiyədə qarının küncündə ağrı

-Zəiflik

-Qaytarma, qusma


3-5 yaşında uşaqlar ağrının yerini göstərə bilmir. Ağrı əvvəl qarının yuxarı hissəsini əhatə edib, sonradan aşağı yayıla bilər. Ağrı intensiv olur, hərəkət və öskürək zamanı güclənir. ən vacib əlamət uşağın yeməkdən imtina etməsidir. Nəbz artır, ürək bulanma başlayır, uşaq yerə uzanır, ağlayır.

Appendisitə şübhə olan anda gözləmək, vaxt itirmək, uşağa nəsə içirtməyə çalışmaq, uşağı yatırtmağa çalışmaq olmaz. Ağrıkəsici və qızdırma salıcı dərmanlar vermək qəti qadağandır.


Appendisitin ağırlaşmaları:

Peritonit başlaya bilər. Qurdabənzər hissəciyin divarı partlaya bilər. İrin qarın boşluğuna yayılıb, abses verərək, xəstənin həyatını təhlükədə qoya bilər. Patogen mikroorqanizmlər qanla bütün bədənə yayıla bilər.



Diaqnostikası

Həkimin əllə palpasiyası və baxışıdır. Uşaq üçün bu müayinə ağrısızdır. Qan və sidik analizi götürülür. USM müayinə olunur. Qız uşaqlarında ginekoloq yumurtalıq iltihabını fərqləndirməlidir. Bəzən diaqnoz tam təsdiq oluna bilmir, çünki simptomlar aldadıcı, yayındırıcı ola bilər. Qan və sidik analizi norma olduqda, həkim uşağı bir neçə saat müayinə altında saxlayıb izləyə bilər. Bu mərhələdə uşaq yemək və dərman qəbul etmir.

Müalicəsi:

90% hallarda əməliyyatdır, ya açıq, klassik, ya da laporoskopik metodla. Appendisit açıq əməliyyatla götürülsə daha yaxşıdır, çünki bu halda qarındakı ağırlaşmalar aydın görünür. Əməliyyatdan sonra yataq rejimi, yemək və su qəbulu yalnız həkim məsləhəti ilə olmalıdır.



Appendiksin müalicəsi ilə bağlı illuziyalara qapılmayın. Özü keçib gedəcək düşünməyin. O, öz-özünə keçmir, appendisitin dərmanı və peyvəndi yoxdur. Tam sağalma yalnız əməliyyatdan sonra olacaq. Uşaqlarda əməliyyat sonrası dövr çox asan, rahat keçir, yara tez sağalır. Əməliyyatdan sonra bir daha appendisit problemi qalmır.