Valideynlər arasında diatez adı ilə məşhur allergik dermatit son zamanlar demək olar, bütün uşaqların əziyyət çəkdiyi problemdir.
Dərinin allergik xarakterdə iltihabə olan bu xəstəliyin səbəbini saymaqla bitməz.
Doğuşdan sonra körpənin orqanizmində ətraf mühitə qarşı bir xeyli dəyişikliklər başlayır. Ətraf mühit nə qədər aqressivdirsə, bu sistem dəyişiklikləri bir o qədər aqressiv keçir. Çoxlu sayda allergenlərin hücumuna məruz qalan uşağın dərisində allergik qızarma, səpmələr yaranır. Zamanla orqanizmin əhliləşməsi baş verir, düzgün immun cavab formalaşır, orqanizm allergenləri tanımağa başlayır. Bütün bunlar bitənə kimi uşaqlar allergik reaksiyalara açıqdır.
Südvermə mərhələsində ananın yeməyindən asılı olaraq keçən allergenlər, daha sonra da uşağın sərbəst qidalanma zamanı yeni ərzaqların, meyvələrin dadına baxması, daha sonra dərmanlara realsiya, peyvəndlərə reaksiya, bitkilərə, böcəklərə- bunlar hamısı allergik dermatitin oyadıcısı ola bilər.
Başa düşmək lazımdır ki, uşaq diatezi dərinin ayrıca xəstəliyi deyil, bu allergik reaksiyanın dəridə təzahürüdür. Allergenin orqanizmə 3 düşmə yolu var:
-Yeməklə qida allergeninin keçməsi
-Tənəffüs zamanı respirator allergiya
-Toxunma ilə dəriyə birbaşa allergenli maddənin təsiri
Əsas simptomları:
Qırmızı nöqtə kimi səpki, ləkələr, qızardı, qaşıntı, quruma, qabıqlanma, çatlar, kiçik yaralar
Ağırlaşması:
Bakteriyaların keçməsi nəticəsində infeksiyalaşma
Nə etmək olar?
İlk növbədə, pediatr müayinəsinə aparıb, dəri xəstəliyi və infeksiyanı istisna etmək lazımdır.
Qida allergiyası zamanı həmin ərzağı uzun müddətlik rasiondan çıxarmaq lazımdır. Əgər uşaq yeni ərzağa neqativ reaksiya veribsə, 1 həftə fasilə verməl və başqa ərzaq seçmək lazımdır. Təzə ərzağı həmişə uşağa öyrəşdiyi bir qida ilə qarışdırıb vermək lazımdır. Başlanğıc üçün çox kiçik doza – çay qaşığının yarısı qədər seçilməlidir.
Kontakt allergiyası yuyucu vasitələrdən, parçadan, oyuncaqdan və s. ola bilər. Xüsusi antiallergik toz, sabun və təbii materiallardan istifadə edin. Paltarları yuduqdan sonra qaynadılmış suda yaxalayın.
Uşağı şampun və sabunla hər gün yumayın. Sabunlar dərinin yağ örtüyünü yuyub, uşağın dərisini müdafiəsiz qoyur.
Tənəffüs yolu ilə dermatit evdə toz udulması, ətirləndirici aerozollardan, heyvanların tükündən, ifrazatından, hər hansı dezodorantdan ola bilər. Bu işdə valideynlərdən təmizlik, diqqət, yeri gələndə ev heyvanından təcrid olunma tələb olunur.
Diqqət: diatezli uşaq üçün istənilən dərman preparatının istifadəsi xüsusi ehtiyatlılıq tələb edir. Ağlınıza gələn hər dərmanı istifadə etməyə sadəcə haqqınız yoxdur, istər qızdırmasalıcı, istər burun spreyi.
Həkim nə edəcək?
Səpkinin allergik olduğunu təyin edib, xüsusi pəhriz təyin edəcək. Simptomları azaltmaq üçün antihistamin preparat və ya mazlar seçəcək.
Əgər allergik reaksiyanın təbiəti məlum deyilsə və uzun müddət sağalma getmirsə, dəridən allergik sınaqlar qoyula bilər. Konkret allergen tapılandan sonra onu uşağın ətrafından təcrid edirsiz. Allergik dermatit çox zaman müvəqqəti təzahürdür.
Uşaq allergiya ilə böyüyür. Lakin allergiyanın da həddini və qarşısının alınmasını düzgün bilmək lazımdır. Burada valideynlərdən məlumatlı olmaq tələb olunur.