Doğru ayaqqabı seçimi uşaqların sağlığı üçün önəmlidir.
Türkiyəli mütəxəssislər valideynləri uşaqlara ayaqqabı alarkən ehtiyatlı olmağa çağırır. Xüsusilə günün yarısını ayaqqabıda keçirən uşaqlar üçün diqqət edilməsi lazım olan əsas məsələlərdən biri rahat və sağlamlığa ziyanı olmayan ayaqqabılar seçməkdir.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tibb Elmləri Universitetinin bir qrup mütəxəssisinin araşdırmaları nəticəsində məlum olub ki, ayaq sağlamlığı üçün ayaqqabı seçiminə xüsusi diqqət etmək lazımdır.
Belə ki, uşaq ayaqqabıları seçərkən, əsasən onların uzunluğuna, genişliyinə və dərinliyinə diqqət etmək lazımdır. Uşağın ayağına narahat oturan ayaqqabının bir çox fəsadları ola bilər. Bunlara əsasən dırnaqların zədələnməsi, barmaqların bükülməsi, döyənək və baş barmağın ətrafında çıxıntı və s.aid etmək olar.
Barmaqlar ayaqqabının içərisində rahat hərəkət etsin deyə yuvarlaq burunlu ayaqqabı seçmək lazımdır. Baş barmağı ilə ayaqqabı arasında 1 sm-lik ara məsafəsi olmalıdır. Ayaqqabı baş barmaq və çeçələ barmağı sıxmamalıdır. Əgər sıxlıq olarsa, bu uşaqlarınızın hətta sinir sisteminə də, pozucu reaksiyalar verə bilər. Dik burunlu və dikdaban ayaqqabılar, xüsusilə, qız uşaqlarında baş barmağın əyilməsinə gətirib çıxarır.
Mütəxəssislər ayaqqabı seçimi zamanı onun materialına da, xüsusi fikir verməyin vacibliyini qeyd edib. Əsasən üst qismi dəridən və ya hörgülü materiallardan olan ayaqqabılar sağlıqlı hesab edilir. Çünki gün boyu qapalı qalan ayaqlar xeyli tərləyir. Keyfiyyətli materialdan hazırlanan ayaqqabı isə uşaqların ayağına hava keçməsini təmin edir.
Bundan başqa ayaq biləyini dəstəkləyən içlikli ayaqqabılar seçilməlidir. Çünki, qalın və yapışqan içlikli ayaqqabılar azyaşlı uşaqların ayağını sıxa və ya tez-tez yıxılmalarına səbəb ola bilər. Ayaqqabının hündürlüyü 2.5 sm-dən yüksək olmamalıdır. Daha hündür ayaqqabılar istifadə edildiyi zaman ayaqlar qabağa sürüşür və barmaqlar önə doğru sıxışır. Bu da zamanla barmaqların bükülməsinə gətirib çıxarır.