Saytımızın "Həkimə sual ver” çat bölməsinə gələn növbəti suallardan biri aşağıdakı kimidir: qızımın hazırda 10 yaşı var. Təxminən 4-5 yaşından uşağın qolaltı hissəsi çox tərləyir və pis iy gəlir. Gündə iki bir neçə dəfə yuyunmasına baxmayaraq bu hal təkrarlanır. Səbəbi nədir?
Medicina.az mövzu ilə bağlı pediatr Günay Rəsulovaya müraciət edib:
"4-5 yaşlarında bir uşaqdan böyüklərə məxsus tər iyinin gəlməsinin səbəbi müxtəlif ola bilər. Bu zaman ilk növbədə endokrinoloqa müraciət edilməlidir. Çünki bu əlamətin səbəbi uşaqda kiçik yaşlardan cinsi hormonların həddən artıq ifraz olunması ola bilər. Adətən yeniyetməlik dövründə bu hal yaşandığı üçün ən çox pis qoxulu tər ifrazı yaranır. Vaxtından əvvəl cinsi yetişkənlik yaşayan uşaqlarda bu da eyni problem üzə çıxır.
Bu hal kistik fibroz deyilən bir patologiya nəticəsində də meydana çıxa bilər. Həmin patologiya zamanı uşağın orqanzimindən tər vasitəsilə normadan artıq natrium və xlor ifraz olunmağa başlayır. Tərləmə zamanı orqanizm həddən artıq çox mikroelement itirir. Lakin kistik fibroz zamanı bir sıra digər əlamətlər də olmalıdır. Belə ki, bunlarla yanaşı uşaqda tez-tez xəstələnmə, bronx problemləri də müşahidə edilməlidir. Bu problemləri yaşayan uşaqları biz tər testinə göndəririk. Tərdə sadalanan elementlərin miqdarı normadan çox çıxdıqda o zaman pediatr tərəfindən müalicə kursu təyin edilir.
Həmçinin tərin pis qoxuması və normadan çox olması irsi amillərdən və çəkinin çox olması səbəbindən də meydana çıxır.
Adətən belə uşaqlara biz problemli bölgələrə botoks inyeksiyasının tətbiqini məsləhət görürük. Bu inyeksiyanın köməyilə tər sekresiyasının azaltmaq və pis qoxunu aradan qaldırmaq mümkündür. Həmçinin tərkibində alüminium olmayan antipresperantlardan da istifadə etmək olar”.
Lakin problemin səbəbini öyrənərək aradan qaldırmaq tər ifrazının və pis qoxunun da aradan qalxmasına səbəb olacaq. Buna görə də, uşağı vaxtında həkimə apararaq müalicə etdirib problemdən vaxtında azad etmək lazımdır”.
Arzu
Medicina.az