Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar və yaşlılarda risk daha yüksəkdir - Günvurma ilə bağlı müraciət

  • 2023.08.11 11:17
  • 1228 Baxış
Uşaqlar və yaşlılarda risk daha yüksəkdir -  Günvurma ilə bağlı müraciət
Günəş vannası qəbul etmək üçün optimal vaxt səhər 8-dən 11-ə, axşam 16-dan 19-a qədərdir. 11:00-dan 16:00-a qədər vaxt çimərlik üçün arzuolunmazdır.


Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.


Həkimin sözlərinə görə, günvurma və günəş yanıqları adətən bu saatlarda baş verir, çünki bu zaman ultrabənövşəyi şüalar daha aktivdirlər:


"Günəş yanığı günvurma qədər təhlükəlidir, onun nəticələri çox ciddi ola bilər. Qızartı, ağrı, yerli qızdırma, şişkinlik kimi şikayətlərdən başqa günəş yanıqlarının gecikmiş ağır fəsadları ola bilər. İntensiv günəş şüaları təsiri altında dəri vaxtından əvvəl qocalır. Belə ki, günəş dərini elastik və hamar edən kollagen və elastin liflərini məhv edir. Zədələnmiş dəri özünü bərpa etmək qabiliyyətini itirir. Əsasən üz dərisi günəşə çox həssasdır. Üzdə günəş şüaları təsirindən hiperpiqmentasiyalı sahələr, vitiliqo, dərinin kobudlaşması, qırışması və sallanması ola bilir".


Həkim qeyd edib ki, günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir:


"Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir. Həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar".
Uşaqlar və yaşlılarda risk daha yüksəkdir -  Günvurma ilə bağlı müraciət