Koronavirusa yoluxan uşaqlarda simptomlar özünü zəif şəkildə göstərir. Onların infeksiyanın gizli daşıyıcıları olduqları aşkarlanıb. Medicina.az xəbər verir ki, çinli alimlər müəyyən araşdırmalardan sonra belə qənaətə gəliblər.
Mütəxəssislər koronavirusa yoluxmuş xəstələrlə yaxından təmasda olmuş və ya yoluxma halları qeydə alınan ailə üzvləri olan iki aylıqdan 15 yaşa qədər 745 uşaq arasında tədqiqat aparıb.
Yoxlamalardan sonra cəmi 10 uşağa (1,3 faiz) koronavirus diaqnozu qoyulub, lakin onların heç birində ciddi simptomlar müşahidə edilməyib. Yeddi uşaqda temperatur 39 dərəcəni keçməyib.
Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olur, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrısı müşahidə edilməyib. Döş qəfəsinin rentgeni uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib.
Bununla belə, virusa yoluxmuş uşaqların digər uşaqları uzun müddət sonra da yoluxdura bilmə ehtimalı var.
Xəstəxanadan buraxılarkən uşaqlarda burun və boğazdan götürülən yaxma analizləri onlarda koronavirusun olmadığını göstərsə də, 13 gün sonra nəcislərində virus müəyyən edilib. Bu da uşaqların gizli şəkildə virus daşıyıcısı olduğunu sübut edir.