Uşaqlarda hansısa narahatlıq olanda həkimə aparılır və əksər hallarda onlara problemin aradan qaldırılması üçün resept yazılır. Bəzən həmin reseptdə elə dərmanlar yer alır ki, onların birlikdə istifadəsi məsləhət görülmür. Yaxud bir neçə dərmanın bir yerdə istifadəsi uşaqlarda əlavə narahatlıqlara səbəb olur.
Bəs görəsən uşaqlara resept yazarkən həkimlər nələrə diqqət etməlidir? Eyni anda bir neçə dərman içən uşaqların bu hala reaksiyası necə olur?
Medicina.az xəbər verir ki, bununla bağlı Ailem.az-a məlumat verən pediatr Günay Rəsulova bildirir ki, uşaqlara resept yazarkən düzgün dozalanmaya diqqət edilməlidir: "Qızdırma salıcı da daxil, digər dərmanlar dozalanma düz olmadıqda müalicəvi effekt vermir. Uşaq reseptində mümkün qədər sadəcə müalicə edici dərmanlar olmalıdır. Simptomatik dərmanlar vitamin, öskürək əleyhinə, yersiz kalsium siropları, ağrıkəsici, immunitet artırıcı, qurd dərmanı, göbələk əleyhinə, bağırsaq florasını artıran dərmanlar və s. hamısı eyni arada yazılmamalıdır. Uşaqlar bir neçə dərmanı eyni zamanda içəndə ürəkbulanma, qusma halları baş verə bilər. Beləliklə, müalicə edici dərmanı içmir, yaxud valideyn dərmanlardan birini verməyə məcbur olur və əksər hallarda uşaq içməsi daha vacib olan dərmandan məhrum qalır”.
Həkim məsləhət verir ki, dərman yazarkən bənzər dərmanlardan ən ucuz olanını seçmək lazımdır: "Bahalı dərmanı ya heç almırlar, ya da əskik alırlar ki, bu da müalicəyə mənfi təsir edir. Müalicə kursunu mümkün qədər qısa seçmək lazımdır. Uşaqlara uzun müddət dərman içirmək çətindir. Məsələn, aylarla kalsium dərmanı, vitamin, balıq yağı, 3 günlük qısa kurs əvəzinə uşağa 1 ay bitki tərkibli qurd dərmanını vermək olmaz. Həmçinin homeopatik və ya başqa alternativ effekti sübut olunmamış dərmanların aylarla uşaqlara təyinatı məsləhət deyil. Mümkün qədər günlük qəbul sayı az olan dərman seçilməlidir. Qəbul sayı gündə 1-2 dəfəni keçməməlidir. Uşaqlara dərmanları invaziv yollarla (iynə, şam şəklində) deyil, mümkün qədər ağızdan içmə şəklində təyin etməyə çalışılmalıdlr. Mümkün qədər dadı yaxşı olan seçilməlidir ki, acı dadlı dərmanları uşaqlara içirmək işgəncəyə çevrilməsin”.