Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar arasında ən çox bronxial astma artıb - TƏBİB

  • 2023.05.02 09:52
  • 1149 Baxış
Uşaqlar arasında ən çox bronxial astma artıb -  TƏBİB
“Bronxial astma xəstəliyi tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Bu xəstəlik, əsasən, gecələr və ya səhərlər təkrar olunan fitli tənəffüs epizodlarına, təngnəfəsliyə, döş qəfəsində sıxıntı hissiyyatına, öskürəyə gətirir və yanaşı tənəffüs yollarının hiperaktivliyini törədir”.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.


Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin müdiri Reyhan Paşayeva bildirib ki, bronxial astma xəstəliyində geriyə dönən tənəffüs yollarının obstruksiyası baş verir.


O deyib ki, xəstəliyin simptomlarına, əsasən, boğulma tutulmaları, təngnəfəslik, hava çatışmazlığı, döş qəfəsində sıxıntı, məsafədən eşidilən fitli xırıltılar, tək-tək quru öskürək, xəstənin məcburi oturaq vəziyyət alması və s. aiddir:


“Bronxial astmanın müalicəsində məqsəd xəstəlik üzərində klinik nəzarətə nail olmaq və nəzarəti saxlamaqdır. Bronxial astma xəstəliyində uzunmüddətli gedişə malik nəzarət üçün preparatlar gündəlik və uzun müddət istifadə olunur”.


R.Paşayeva qeyd edib ki, sözügedən xəstəlik bütün dünya həkimlərini narahat edən xəstəlikdir və geniş yayılıb:

“Dünya əhalisinin 10 %-ə qədəri bu xəstəlikdən əziyyət çəkir. Astma xəstəliyinə bütün yaş qruplarında rast gəlinir. Əldə olunan epidemioloji göstəricilərə əsasən son 20 il ərzində ən çox uşaqlar arasında bronxial astma artıb.

Astma xəstələri mütləq pəhriz saxlamalıdır. Onlara sitrus meyvələri, çiyələk, qoz, fındıq, bal, süd, hisə verilən ərzaqlar, konservləşdirilmiş məhsullar, qazlı, şirin içkilər, yumurta və s. ilə qidalanma məsləhət görülmür.

Evdə, iş yerlərində rütubət, toz, kəskin iy-qoxu, kimyəvi maddələrdən, zərərli vərdişlərdən uzaq durmaq, arı sancmasından qorunmaq da önəmlidir.

Xüsusilə yataq otağının tez-tez havalandırılması, təmizlənməsi, otaqda quş tükündən hazırlanan yataq dəstlərinin olmaması da vacibdir. Eləcə də ev heyvanları (pişik, it, tutuquşu) saxlamaq tövsiyə olunmur".


R.Paşayeva vurğulayıb ki, astma xəstəliyindən əziyyət çəkən şəxslərin həkim məsləhəti olmadan dərman preparatlarından istifadəsi yolverilməzdir:

"Bronxial astma xəstələrinin vaxtlı-vaxtında müayinə, müalicəsi və həkim nəzarətində olmaları məsləhət görülür”.