Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Uşaq salamat doğulub, baxımsızlıqdan ölüb" - Doğuşda ölən uşaqlarla bağlı ŞOK İDDİA

  • 2018.05.15 14:52
  • 12103 Baxış
"Uşaq salamat doğulub, baxımsızlıqdan ölüb" -  Doğuşda ölən uşaqlarla bağlı ŞOK İDDİA
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra dünyasını dəyişib.


Belə ki, Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.


Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb. 


Körpələrin hansı səbəbdən öldüyü ilə bağlı araşdırma apardıq. Körpələrin meyiti Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə gətirilib.  


Medicina.az xəbər verir ki, Sabirabadın Kürlə Arazın qovşağında yaşayan Saniyə Əhmədovanın qaynanası Məleykə Əhmədova "Ölkə.Az”a açıqlama verən zaman həkimləri günahlandırıb:


"Axşam saat 9-da gəlinin sancısı tutdu, gətirdik xəstəxanaya. Ofeliya və Suğra həkimi istədik, dedilər özümüz eləyəcəyik. Səhərə yaxın saat 5, 6 oldu, bir xəbər çıxmadı. İçəri də buraxmırdılar. Axır hay-küydən sonra girdim içəri. Dedim ki, doğmayıbsa öz həkimimizi gətirək. Məni Sevinc həkim qəbul etdi və dedi ki, doğuşu mən keçirmişəm, ürəyi zəif olduğuna görə vermişəm aparata qoysunlar. Ancaq aparatda uşaq ölüb. Kim tərəfindən olub demirlər.

Doğuşdan 3 gün əvvəldə gəlini müayinə edib dedilər ki, uşağın vəziyyəti normaldır. Nəvəmin ölümündə kim günahkardırsa cəzalandırılsın”. 


Zərərçəkənlərin sözlərinə görə, oğlu  2 ildir ailə qurub, dünyasını dəyişən oğlan uşağı ailənin ilk övladı olub. 


Digər dünyasını dəyişən körpənin atası Cavanşir Yusifov da hadisənin təfərrüatlarını açıqlayıb:


"Arada yoldaşımı müayinələrə aparırdım. Hər şey normal idi. Axşam isə sancısı tutdu, saat 9-da gətirdim xəstəxanaya, Rəna ilə Mehriban həkim birgə doğuşa girdilər. 2 saatdan sonra maraqlananda dedilər ki, gözləyin, sancı çəkir. Səhər saat 5-də səbrimiz çatmadı, içəri girdik. Həkim dedi ki, uşaq 2 gündür gəlinin qarnında ölüb. Sizin xəbəriniz yoxdur. Amma bilirəm ki, uşaq salamat doğulub sonra baxımsızlıqdan ölüb. Bizim səhiyyəmiz bərbad gündədir, aparat göstərir ki, uşaq salamatdır sonra isə deyirlər ölü olub. İmkanla əlaqədar müayinələrə rayona gətirirdim, axırı da belə... ”. 


Cavanşir Yusifov 1 ildir ailə qurub, ilk övladı olub. Özü isə Bakıda şirkətlərin birində ekspeditor işləyib. 


Faktla bağlı Sabirabad rayon prokuroru Pərvin Quliyevin "Ölkə.Az”a verdiyi açıqlamaya görə, körpə ölümləri ilə bağlı prokurorluğun müstəntiqləri hadisə yerindədilər, tibbi nöqteyi-nəzərdən ölümün səbəblərini araşdırmağa başlayıblar. Ekspertizaların yekun rəyindən sonra fakta hüquqi qiymət veriləcək.