Uşaq öskürürsə, ona portağal, narıngi, kivi, nar, araxis, qoz, inək südü, bal, şokolad, şirniyyat, keçibuynuzundan başqa doşablar, həmçinin çiyələk və şaftalı da yedirmək olmaz. Niyə?
Çünki bunlar allergik fonu gücləndirən məhsullardır. Sual verə bilərsiz ki, mənim uşağımın öskürəyi virusdan sonra oldu, yəni allergik deyil, yaxud mənim uşağım ümumiyyətlə allergik deyil və bu məhsulları həmişə rahatlıqla yeyib. Məsələ bundadır ki, bu məhsullar allergiya törətməkdə potensial məhsullardır. Yəni potensial cinəyatkardırlar. Yəni bir cinayət baş verəndə ilk kimlərdən şübhə edilirsə, bu məhsullar da o cürdür: allergik reaksiya varsa ilk olaraq bu məhsullara baxılır.
"Medicina" xəbər verir ki, pediatr Aytən İsmayılzadə bu gün uşaqların 80 faizi allergik olduğunu deyib.
"Məhz bu məhsullara qarşı yüksək həssaslığı olmasa belə öskürək zamanı onları vermək olmaz. Çünki virus infeksiyası zamanı allergik vəziyyət də aktivləşmiş olur. Və digər potensial allergenlər burda tətikləyici iş görürlər və prosesin düzəlməsini ləngidirlər. Birinci ona görə ki, virus infeksiyası həm də mədə-bağırsaq sistemini zədələyir, bağırsaqda sıx təmas sistemini pozaraq "dəlikli" bağırsağın yaranmasına gətirir. Belə olanda hər şey rahatlıqla qana keçir və allergik uşaqda onsuz da həssas olan immun sistemi bir az da həssaslaşır.
Müəyyən bir məhsuldan sonra uşaqda dəridə allergik reaksiya verirsə və həkimlər pəhriz təyin edirsə, eləcə də bronx həssaslığı zamanı da belə etməliyik.
Məsələn, uşaq yumurtadan səpibsə, biz ona səpdiyi müddətcə "onsuz da apelsinə allergiyası yoxdur" deyə apelsin verməli deyilik. Çünki apelsin "əsas cinayətkar olmasa da, cinayətə şərait yaradacaq".
Eləcə də bronx allergiyası ( bronxospazm, öskurək) zamanı bu prosesi törədən virus olsa belə bağırsaadan gələ biləcək bütün digər allergenlərin qarşısını almağa çalışmalıyıq, nəinki onların artması.Bu ona bənzəyir ki, düşməni tanıyırıq, amma düşmənin dostları ilə də ehtiyatlı davranmalıyıq. Bronx həssaslığı seliyin artması, bəlğəmin yaranması və öskürək ilə, digər halda bronxlarda sıxılma, tutmaşəkilli öskürək ilə özünü göstərə bilər. İstənilən səbəbli öskürək zamanı pəhriz mütləqdir. Selikli qişanı qıcıqlandıran məhsullardan uzaq olmaq lazımdır", - Aytən İsmayılzadə yekunda qeyd edib.