Martın 27-də ATU-nun Tədris Cərrahiyyə Klinikasinda Uşaq cərrahlığı kafedrasının elmi seminarı keçirilib.
Medicina.az xəbər verir ki, kafedranın assistenti dr. Murad Əlibəyov və Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti dr. Namiq Xəlilovun birgə təşkilatçılığı və moderatorluğu ilə keçirilən elmi seminarda “Uşaqlarda kriptorxizmin etiologiyası, klinika, diaqnostikası və müasir cərrahi yanaşma metodları” mövzusu müzakirə olunub. Seminarı kafedranın müdiri, professor Ramiz Poluxov açaraq müzakirəyə çıxarılan mövzunun aktuallığını diqqətə çatdırıb.
Bundan sonra kafedranın həkim-rezidentleri Hüseyn Bayramov, Lamiyə İsmayılzadə və Xəlil Aslanovun mövzuya dair məruzələri dinlənilib. Məruzələrdə kriptorxizmin etiologiyasında ətraf mühit amillərinin, embrional dönəmdə keçirilmiş xəstəliklər zamanı anatomik faktor və hormonal disbalansın rolundan bəhs edilib. Eyni zamanda xəstəliyin klinika və diaqnostikasında müasir instrumental və laborator metodlar, cərrahi yanaşma üsulları və hormonal terapiyanın əhəmiyyəti vurğulanıb.
Seminarda dr. Hikmət Alşanov və pediatr-neonatoloq dr. Sərxan Elbəyiyev də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Seminarın sonunda tədbir iştirakçılarının səsləndirdiyi suallar ixtisaslı həkimlər tərəfindən cavablandırılıb.