Uşaq bezini dəyişdirmək məcburiyyət kimi, adi bir iş kimi görünsə də, mütəxəssislər belə düşünmür. Hətta uzmanlar uşaq bezi dəyişdirməyin ana-uşaq, ata-uşaq arasındakı münasibətlərə ciddi təsir göstərdiyi qənaətindədirlər.
Medicina.az xəbər verir ki, uşaq psixoloqları bez dəyişimi əsnasında valideynlə uşağın çox yaxşı vaxt keçirə biləcəklərini vurğulayıb. Həkimlərin sözlərinə görə, bezi dəyişdirərkən körpəyə mahnı oxumaq, onunla danışmaq uşağın gələcək inkişafı baxımından çox önəmlidir.
Uşağa bez nə vaxta kimi taxılmalıdır?
Körpələrdə sinir inkişafı 2 yaş ərəfəsində tamamlanır. Sinir inkişafının tamamlanması ilə uşaqlar təbii ehtiyaclarını tutabilmə qabiliyyətlərini göstərə bilirlər. Valideynlər yanlışa yol verərək 2 yaşına kimi uşağa tualetə necə gedilməsi ilə bağlı heç bir məlumat vermirlər. Halbuki kiçik mükafatlarla 1,5 yaşından sonra uşağa "tualet təlim”i keçilməlidir. 2 yaşına çatdığında uşaq bezsiz də rahat hərəkət edə bilməlidir. Çünki yaş artımı ilə birlikdə hərəkət qabiliyyəti də artır və uşaq bezinin dəriyə ziyan vermə ehtimalı da yüksəlir.
Uşaq bezini dəyişdirərkən nələrə diqqət etmək lazımdır?
Əvvəlcə, uşağın bezini dəyişdirərkən, ehtiyacınız olan hər şeylə təmin olunacağınıza əmin olun.Yəni, vacib olan bezin harada dəyişdirildiyi deyil, ehtiyacınız olan hər şeyə əlinizin çatmasıdır. Bez dəyişimi zamanı mütləq diqqət edin ki, uşaq tək qalmasın.
Uşağın bezini dəyişdirərkən yanınızda nələr olmalıdır?
•Uşaq bezi və alternativ geyim. Çünki uşaq bezinin sızıntı etmə ehtimalı var
•Uşaq 1 aylıqdan da balacadırsa, yaxud bişməcə olubsa, pambıq bir bez, ilıq su, dəsmal və bişməcə əleyhinə krem
•Evdə deyilsinizsə, uşaqlar üçün istehsal olunan yaş salfet
Uşaq bezini dəyişdirməzdən əvvəl nə edilməlidir?
Uşağın bezini dəyişdirməzdən əvvəl əllərin tərtəmiz yuyulması lazımdır. Bundan sonra uşaq düz bir yerə uzadılır. Ətrafında yıxılmasına mane olacaq yastıq, yaxud bənzər əşyaların olması vacibdir. Çünki uşaqların dönmə qabiliyyətinə 5 aylıqdan sonra yiyələndiyi bildirilsə də, daha əvvəlki aylarda da dönə bilirlər. Bu isə onların yıxılması ilə nəticələnə bilər.
Çirkli bezin düzgün çıxarma yolu
Bezi çıxararkən bu qaydalara riayət etmək mütləqdir. Əvvəlcə uşağın ayaqlarını bir əlinizlə yuxarı doğru qaldırın. Digər əlinizlə bezin yapışqan bantlarını açıb. Bezin ön tərəfində qarın bölgəsinə yaxın hissəsindən aşağı çəkin ki, nəcis və nəm aşağı doğru sıyrılsın. Bunun əksini etdikdə uşaqda sidik yolu infeksiyası yarana bilər.
Təmizləmə
Uşağın çirkli bezi çıxarıldıqdan sonra ilıq su ilə yumaqdan əlavə, ilıq su ilə isladılmış pambıq bezlə də silə bilərsiniz. Bişməcə olmuş uşaqlarda isə sidik və nəcis qalıqları ilıq su ilə mütləq yuyulmalıdır.
Qurulama
Təmizlik işləri bitdikdən sonra uşağ çox yaxşı qurulamaq lazımdır. Uşağın nəm qalan dərisində sonradan göbələk xəstəliyi yarana bilər. Qurulama prosesi incə və yumşaq bir dəsmalla, yüngül toxunuşlarla başa çatdırılmalıdır.
Bez taxılması
2 barmağınız uşağın bədəni ilə bez arasına rahat şəkildə girməlidir. Çox sıx bağlanmış bez uşaqların həzm sisteminə problem yarada bilər. Bundan başqa, oğlan uşaqlarında cinsiyyət üzvünün bezin içərisində aşağı doğru olmasına diqqət edin.