Uşalar arasında virusa yoluxma getdikcə artır. Hər gün çox sayda uşaq yoluxur. Xəstəliyi ağır keçirən uşaqlar da var. Birinci dalğada uşaqlarda koronavirus əlamətləri müşahidə etmirdik. Lakin ikinci dalğada artıq əlamətlər müşahidə olundu.
Medicina.az xəbər verir ki, bu sözləri Axar.az-a pediatr Aytən İsmayılzadə uşaqlar arasında virusa yoluxma hallarının artması barədə danışarkən deyib.
“Əvvəllər uşaqlar arasında az əlamətlərlə yoluxmalar var idi. Sonradan uşaqlarda ağırlaşma şəklində Mis-C sindromunu müşahidə etdik. Hazırda ailələrdə valideynlərlə birgə uşaqlar da xəstələnir. Bizim müalicə etdiyimiz uşaqlarda ağ ciyərlərdə ağırlaşma görünməyib. Müalicə etdiyimiz uşaqlar yüngül virus infeksiyası keçirərək sağalıblar. Onlara xüsusi müalicə tətbiq etməmişik. Risk qrupuna daxil olan uşaqları isə xəstəxanaya yerləşdiririk. Yəqin ki, delta ştamına da çoxdan yoluxma var”, - pediatr bildirib.
A.İsmayılzadə qeyd edib ki, valideynlər hərarəti davam edən uşaqları mütləq həkimə göstərməlidirlər:
“3 gün hərarəti olan uşağa adi virusa yoluxmuş kimi davranırıq. Lakin 10 gün sonra uşağın hərarəti yenidən qalxırsa, uşaqda halsızlıq, iştahsızlıq müşahidə olunursa, valideynlər təkrar həkimə müraciət etməlidirlər. Qan analizi verilməli, qanda iltihabı göstərən C reaktiv zülalı yoxlanılmalıdır. Bundan sonra antibiotikə keçirik. Uşağın virusa yoluxmaması üçün öncədən nəsə edə bilmirik. Bu, bizim əlimizdə deyil”.