Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu xəstəliyə tutulmuş ola bilər- HƏKİM RƏYİ

  • 2017.11.29 19:37
  • 44716 Baxış
Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu xəstəliyə tutulmuş ola bilər-  HƏKİM RƏYİ
Alimlər uzun illərdir yuxuların real həyatla nə dərəcədə bağlı olduqlarını araşdırırlar. Yuxuda gördüyümüz fantastik hadisələr gün boyu yaşanan hadisələrin insan beynində şüurlatı yerləşməsi və bunun yuxu zamanı ortaya çıxması kimi qəbul edilir.

 

Bəs görəsən, yuxuda danışmaq hansısa xəstəlik göstəricisi hesab edilə bilərmi?

 

İnsan beyni 8 saat normal yuxu rejimində dincəlir. Bu zaman görülən yuxular, qarabasmalar psixologiyamıza necə təsir edir?


Medicina.az xəbər verir ki, bu barədə publika.az-ın suallarını tanınmış nevropatoloq Hüseyn Soltanov cavablandırdı.

Həkim yuxu rejiminin pozulmasını əhəmiyyətsiz sayan insanlara səslənərək, bunun bir sıra psixi xəstəliklərin, eləcə də epilepsiyanın başlanğıcı ola biləcəyini dedi:


 

"Yuxu çox dərin prosesdir. Əsasən 4 fazadan ibarət olan yuxu pozuntularına uşaqlarda 50%, böyüklərdə isə 5% rast gəlinir. Bəzən sadəcə yorğunluğun, depressiyanın səbəb ola biləcəyi düşünülür. Lakin bu problem olduqca ciddi fəsadlar yarada bilər. Məsələn, gec saatlarda ağır həzm olunan qidalar yedikdə belə yuxu problem yaşana bilir. Mədədə həzm prosesi getdiyi üçün beyin oyaq olur və beləliklə yuxu rejimi pozulur. Bunu nəzərə alsaq, demək olar ki, yuxu sisteminin öyrənilməsi hər zaman alimlərin diqqət mərkəzində olur. Normal yuxu 8 saat olmalıdır. Lakin bu da insan orqanizminə görə dəyişir. Yuxunun birinci fazası "yuxuya getmə” adlanır və bu yalnız bir dəfə baş verir. Digər 2,3,4-cü fazalar isə (delta yuxu) ola da bilər, olmaya da. İnsan var ki, 8 saat yatır, yenə də doymur, çünki heç bir halda yuxu görmür. Yuxu strukturu pozulmuş olur. İnsan da var ki, 30 dəqiqə yatır və tamamilə gümrah oyanır. Bu individual olaraq dəyişir. Sovet alimlərindən biri iddia edirdi ki, yuxu ağrı, yuxu və depressiyadan ibarət üçbucaqdır. İnsan bu bucaq altında minimum 8 saat yatır. Əgər ağrınız varsa, yuxu rejiminiz pozulur, pozulursa, depressiyaya düşürsüz və depressiyada olan insan yuxunun birinci fazası olan "yuxuya getmə” prosesini normal yerinə yetirə bilmir. Ona görə də yuxu strukturunun pozulmasının müalicəsi birbaşa psixoloji və digər irsi xəstəliklərin aradan qaldırılması ilə bağlıdır”.

 


O bildirib ki, yuxuda olan insanın beyni kliniki üsullara ensefaloqrafiya edildiyi zaman normal yuxu rejimində olan şəxsdə delta yuxu dalğaları öz normasında hərəkət edir:


""Yuxu Monitorinqi” və ya ensefaloqrafiya zamanı ortaya çıxan nəticələrdən fərqli olaraq, bəzi insanlarda yuxu strukturunun pozulması müxtəlif gizli proseslərdən də xəbər verə bilər. Ümumiyyətlə yuxu zamanı danışmaq, hərəkət etmək, ağlamaq, diksinmək qeyri-adi hərkətlər və s. bunlar yaş həddinə görə dəyişir. Bir neçə dəfə müşahidə olunursa, bu o qədər də riskli vəziyyət hesab olunmur. Ümumiyyətlə belə olan hallarda həmin insanları oyatmağa çalışmayın. Çünki onlar sizi hiss etmirlər. Belə deyək, siz hər hansı ciddi bir işlə məşğul olduğunuz zaman sizə mane olan insanlara qəzəblənirsiz. Hətta ciddi mübahisələr belə yaşana bilər. Eynilə yuxuda danışan, hərəkət edən insanları da narahat etmək olmaz. Onlar sizə qəfildən qeyri-ixtiyari xəsarət yetirə bilərlər.”


Həkimin sözlərinə görə, 4-14 yaş arası uşaqlar yuxuda danışır, ağlayır və ya gəzirsə, bu gizli epilepsiya əlaməti ola bilər:


"Əksər hallarda epilepsiya xəstəliyinin yeganə və ilkin simptomu yuxu pozğunluğu olur. Epilepsiyanın bütün parsial formaları arasında ən çox (80-85%) rast gəlinəni "gicgah epilepsiyası”dır. Digər epilepsiya növlərindən fərqli olaraq, bu zaman heç bir qıcolma müşahidə olunmur. Bəzən illərlə bu proses inkişaf edir və ağır formaya gəlir. Gizli şəkildə yayılan şəkər xəstəliyi kimi orqanizmdə böyrəkləri sıradan çıxarana qədər inkişaf edir və valideynlər çox zaman bunu diqqətə almırlar. Dediyimiz yaş həddi arasında olan uşaqlar gecə yuxuda ağlayırsa, danışırsa, aqressivləşirsə (bu hallar ard-arda 1 ay ərzində 5-6 dəfə müşahidə edilirsə) mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda ensefaloqrafiya zamanı epilepsiyaya xas spesifik dəyişikliklər, fenomenlər müşahidə edilir. Bu zaman dəqiq diaqnoz qoyulur və gecikmədən müalicə edilir.


Bəzən yuxu prosesinin təsiri altında qalan insanlar olur ki, oyandıqdan sonra da reallıqla yuxunu bir-birindən ayıra bilmir. Hərdən belə insanlarda ciddi psixi problemlər də müşahidə olunur ki, belə olan halda həmin insanlar cəmiyyət üçün olduqca təhlükəli hesab edilirlər.


Təəssüf ki, belə hallar mövcuddur. Lakin tibb bunu daha əvvəl müşahidə edə bilmir. Yuxuya görə, insanı mühakimə etmək olmaz. Cəmiyyətdə bu cür insanlar müxtəlif hadisələr törətdikdən sonra aşkarlanır və o zaman da çox gec olur. Birmənalı olaraq, yuxuda gördüyünü gerçək həyatda təkrarlamaq olduqca təhlükəlidir. Normal yuxu strukturuna görə insanı qabaqlaya bilməz. İnsan oyaq vaxtı müxtəlif hadisələrlə üzləşir, insanlarla ünsiyyətdə olur və yuxu zamanı həmin proseslər təkrarlanır. Qısa müddətli yaddaş uzun müddətli yaddaşa köçürülür. Təbii ki, bu beynin dincəlməsinə mane olur və daim aqressiya, stress yaradır”.

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə, bu xəstəliyə tutulmuş ola bilər-  HƏKİM RƏYİ