Uşaqların inkişaf dövrünün yaxşı keçməsi onun nevroloji cəhətdən sağlam olmasından asılıdır. Son zamanlar isə sağlam körpəni gərəksiz yerə müalicə edən həkimlərin sayı artıb. Adi bir vəziyyətdə valideynlər övladının inkişafının yolunda getmədiyindən şübhələnir və nevroloji problemi olduğunu zənn edirlər.
Bəs normal sağlam körpə necə olmalıdır?
Hansı əlamətlər uşaqda nevroloji problemin olmasından xəbər verir?
Medicina.az xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, yeni doğulan körpənin yuxarı və aşağı ətrafları simmetrik olmalıdır:
"Əgər əlinin biri açıq, biri isə bükülmüş vəziyyətdədirsə, biz nevroloji əlamətdən şübhələnə bilərik. Bu daha çox periferik sinirlərin zədələnməsi zamanı olur. İri çəkili körpələrin doğulması zamanı baş verə bilər. Və ya birtərəfli qolunda və ya ayağında assimetriklik varsa, bu zaman da biz şübhələnə bilərik.
Göz yarıqlarının hər ikisi eyni vəziyyətdə olmalıdır.
Ağız bucağı hər iki tərəfdə simmetrik olmalıdır. Ağlayan zaman uşağın ağzının bir tərəfi aşağı düşürsə, bu da uşaqda hansısa nevroloji problemin olduğunu düşündürür”.
Nevroloq, uşağın yaş dövrünə görə inkişafın necə olmasından da bəhs edib:
"Körpə uşaq bir ayın tamamında boynunu saxlamalıdır. Əgər iki-üç aylığındadırsa və boynunu hələ də tuta bilmirsə, mütləq nevroloqa müraciət edilməlidir. 2 ayından başlayaraq qığıldamalıdır. Müəyyən səslər çıxartmalıdır. 6 ayından etibarən oturma formalaşır. 7-8 ayında da baş verə bilər. Ancaq 10 aylıqdırsa və hələ də oturmursa nevroloqa müraciət olunmalıdır. Yeriş isə 18 ayına kimi formalaşır. Hər uşağın inkişafı individualdır. Bir uşaq 7 ayda oturar, digəri 8 və s. Yeriməsi də müxtəlif aylarda ola bilər”.
Bəzi valideynlərin öz uşağını qohum, tanış uşaqları ilə müqayisə edərək "Mənim övladımın inkişafı ləng gedir” deyərək həkimə müraciət etdiyini bildirən Zeynalova bu davranışın yanlış olduğunu vurğulayıb:
"Bizim öhdəmizə düşən də budur ki, valideynləri maarifləndirək ki, hər uşağın inkişafı individualdır və digər uşağın hansısa hərəkəti tez etməsi həmin azyaşlının inkişafının ləng getdiyi və ya gecikdiyi anlamına gəlmir.
9-10 aylığından başlayaraq uşaqlarda hecalanma başlayır. Əslində bu söz demək deyil. Məsələn, baba, dədə deyərlər. Valideynlər düşünür ki, uşaq danışdı. İrqindən, millətindən asılı olmayaraq hər uşaq bu tip sözləri deməyə başlayır. 1 yaşından sonra uşaqlar tək-tək sözləri ifadə etməyə başlayarlar. Yenə də bu müddət uzana bilər. Bəzilərində sözlər ifadə etmək 18 aylığadək uzana bilər, bəzilərində isə hətta 2 yaş kimi. Əgər körpə hər bir komandanı yerinə yetirirsə (bir yaşdan yuxarı uşaqlara şamil edilir) salamı, sağolu bilirsə, bədən üzvlərini göstərə bilirsə narahatlığa əsas yoxdur. Çox valideyn yanımıza deyir ki, "mənim uşağım danışmır. Qonşumun uşağı bundan bir ay kiçikdir, amma o danışır, mənim övladım niyə danışmır”. Biz də müayinə etdikdə uşağın tam sağlam olduğunu valideynə bildiririk”.
Həkim, hər zaman dərmana üz tutanları da haqsız bilərək valideynlərə tövsiyələr verib:
"Dərmana üz tutmuruq. Xüsusilə də sağlam uşaqdırsa, buna nə gərək var? Onsuz da uşağın inkişafı gedəcək və öz zamanında da danışacaq. Normal körpələr 3 yaşına kimi danışacaqlar. 3 yaşından sonra daha mürəkkəb cümlələr qurmağa başlayacaqlar. Burada narahatlığa əsas yoxdur”.