Autizm erkən yaşda başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri 2 yaşından etibarən üzə çıxa bilir.
Medicina.az xəbər verir ki, İngiltərədə uşaqlara autizm diaqnozunun qoyulması üçün valideynlərin dörd ilə qədər gözlədikləri aşkar edildikdən sonra mütəxəssislər gecikmələrin zərərli olduğunu, bunun uşaqların həyatlarının digər sahələrində ehtiyac duyduqları yardımı almasına mane ola biləcəyini söyləyirlər.
Bəs uşaqlarda autizmi erkən dövrdə necə müəyyən etmək olar?
Bath Universitetinin psixologiya və neyromüxtəliflik üzrə mütəxəssisi Prof. Dr. Punit Şah bununla bağlı 6 ümumi simptomu sadalayıb:
1.Göz təması qurmamaq
Bu autizmin əsas əlamətlərindən hesab edilir. BBC-nin "Autistic Minds Inside" adlı sənədli serialının ilk seriyasında Dr. Punit izah edir ki, autizmli bir çox uşaq üçün bunun səbəbi göz təmasından qaçmağın narahatlığı azaltmağa kömək etməsidir.
"Autizmli insanların göz təmasından qaçma səbəbləri müxtəlifdir, ancaq bütün autizmli insanlar göz təmasından yayınmır”.
2. Emosional həssaslıq
Yüksək səsdən narahat olmaq autizmli uşaqlarda tez-tez görülən bir əlamətdir. Bu duyğu həssaslıqları qeyri-münasib səsləri süzgəcdən keçirməyi çətinləşdirə bilər.
“Ümumiyyətlə, autizmli uşaqlarda müxtəlif şeylərə qarşı həssaslıq var. Bu, çox vaxt parlaq işıqlar və yüksək səslər, eləcə də qeyri-adi rənglər və naxışlar ola bilir", - professor deyib.
3. Nitq çətinliyi
Professorun sözlərinə görə, söz və cümlələri təkrarlamaq, digər uşaqlar kimi çox danışmamaq autizm əlamətləri arasındadır:
"Autizmli uşaqlarda nitq adətən bir qədər gecikir, lakin həmişə deyil. Başqa bir əlamət, autizmin bir xüsusiyyəti ola bilən təkrarlanan səslər və ya nitqdir. Bu, bəzən ekolaliya olaraq bilinir".
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə (NHS) görə, dili hərfi mənada başa düşmək, autizmli uşaqların mübarizə apardığı ünsiyyət problemlərindən biridir.
4. Təkrar edən davranışlar
NHS-yə görə, uşaqlarda çox sərt gündəlik rejimə üstünlük vermək və bu rutini dəyişdikdə əsəbiləşmək autizm əlamətidir.
Professor bildirir ki, rutinə olan bu ehtiyac müxtəlif yollarla özünü göstərə və özünəməxsus ola bilər. Yəni belə uşaqlarda qeyri-adi vərdişlər və ya davranış nümunələri olur.
“Child Autism UK”ə görə, rutini sevən və təkrarlanan davranış əlamətləri göstərən autizmli uşaqlar hər dəfə oyuncaqla eyni şəkildə oynaya və ya onları cərgələrə düzə bilərlər.
Xeyriyyə təşkilatı vurğulayır ki, işarələrə yalnız eyni rəngdəki yeməkləri yemək, eyni şounu təkrar-təkrar izləmək və ya yalnız sevimli geyimi geyinmək kimi məhdudlaşdırıcı seçimlər daxil ola bilər.
5. Təkrarlanan hərəkətlər
Bu, sadəcə təkrarlanan rutin mənasında deyil; autizmli uşaqlar eyni hərəkətləri təkrar-təkrar edə bilərlər.
6. Emosiyaları yanlış başa düşmək
“Child Autism UK” bildirir ki, autizmli uşaqlar dostluq etməkdə çətinlik çəkir və çox vaxt tək oynamağa üstünlük verirlər.
NHS isə deyir ki, bəzi uşaqlar hisslərini söyləməkdə çətinlik çəkə və bəzən başqalarının nə hiss etdiyini başa düşə bilməzlər. Ancaq emosiyaları səhv başa düşmək və başqalarının nə düşündüyünü və ya hiss etdiyini başa düşməmək müxtəlif pozğunluqların əlaməti ola bilər.
"Bu, həqiqətən fərddən asılıdır və tez-tez autizmin özündən çox aleksitimiya (və ya emosional korluq) kimi autizmlə üst-üstə düşən şərtlərlə əlaqələndirilə bilər", - deyə professor qeyd edib.
Aysel