Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Uşağın dişləri 7 aylığından nəzarətə götürülməlidir" - Səhiyyə nazirliyinin eksperti

  • 2022.11.21 14:48
  • 3267 Baxış
"Uşağın dişləri 7 aylığından nəzarətə götürülməlidir"  - Səhiyyə nazirliyinin eksperti

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov uşaqlarda diş problemlərindən danışıb.

"Medicina" xəbər verir ki, həkim valideynlərə tövsiyələr verib.

Uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır. Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqlar üçün xüsusi rezin barmağa keçən vasitə və ya pambıqla su ilə təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlara dişlərini özlərinin fırçalamağı öyrənməlidir. Onlara dişləri fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdılar.

Uşaqlarda diş minası yumşaqdır. Buna görə dişlərdə çürümə daha tez olur. Çürüklərin simptomları - ağ və qəhvəyi ləkələr, diş ətində qızarıqlıq və şişkinlik, dişdə oyuqlardır.

Diş çürümələrinə səbəb bakteriya, karbohidrat tərkibli yeməklərdən istifadədə ortaya çıxır. Bu tip yeməklərə süd, konfet, şirniyyatlar, meyvə suları, çörək aiddir. Normalda ağızda yaşayan bakteriyalar karbohidartları parçalayıb turşu halına gətirir. Bunula da ağızda turşu, bakteriya və tüpürcək birləşərək diş ərpləri əmələ gətirir. Bu da gələcəkdə dişlərin çürüməsinə gətirib çıxarır. Dişlər yaxşı yuyulmadıqda və diş iplərindən istifadə edilmədikdə çürüməyə səbəb olur.

Bundan başqa, qida qəbulu pozuntuları, bulemiya (nevrozla bağlı iştahın artması), anoreksiya (nevroza bağlı iştahın azalması) da dişlərin erkən çürüməsinə şərait yaradır. Bunun qarşısını almaq üçün uşaqların dişləri çıxan kimi gündə 2 dəfə dişləri, diş ətlərini və dilin üzərini təmizləmək lazımdır.

Uşaqlarda ən çox yayılan xəstəlik diş-çənə anomaliyalarıdır (ortodontik xəstəliklər). Xəstəliyin səbəbləri müxtəlifdir - genetik səbəb (valideynlərdən irsən keçir), uşaq ana bətnində olarkən hamiləliyin riskli keçməsi, süd dişlərinin vaxtından əvvəl çəkilməsi, zərərli vərdişlər, düzgün qidalanmama.

Bundan başqa, uşaqlar arasında kariyes xəstəliyi də geniş yayılıb. Mütləq kariyesləri vaxtında müalicə etmək lazımdır. Əgər uşaqlarda kariyes müalicə olunmazsa, gələcəkdə ürək-damar xəstəliklərinə gətirib çixara bilər.


Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Uşaqlara gündə 2 dəfə dişləri fırçalamağı öyrətmək, konfet, şokoladdan istifadəni azaltmağın səbəbini izah etmək vacibdir. Gecə uşaqlar süd içdikdən sonra ağız mütləq yaxalanmalıdır, çünki süd gecədən səhərə qədər ağızda qaldıqda dişlərin tez çürüməsinə səbəb olur. Axşam yemək saatlarını tezləşdirmək və yeməkdən sonra dişlər mütləq fırçalanmalıdır.

Bundan başqa, uşaqları 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçirmək lazımdır.

Aygün Musayeva

"Uşağın dişləri 7 aylığından nəzarətə götürülməlidir"  - Səhiyyə nazirliyinin eksperti