"Qızım uşağı “Narınc” psixologiya mərkəzinə 1 ay aparıb gətirib, koronavirusa yoluxub, orada nəzarət yoxdur "
Azərbaycanda koronavirus xəstələrinin sayı günbəgün artır. Prezidentin və dövlət qurumlarının çağırışına baxmayaraq, əvvəlki karantin rejimində tətbiq edilən nəzarət, sanitar gigiyenik təmizlik işləri, xəstəxana və mərkəzlərə daxil olan insanların yoxlanması mayın 15-dən etibarən aradan qaldırıldı. İnsanlar o qədər rahatlaşdı ki, virusun olmadığına qəti əmin olub, maskasız gəzdilər.
Son həftədə koronavirus virusu aşkarlananlardan biri də 36 yaşlı 3 uşaq anasıdır. Onun 3 gün əvvəl halı qəfildən pisləşib, qızdırması qalxıb və tənəffüsü çətinləşib. Vəziyyətinin ağır olduğunu görən gənc ailə təcili yardım çağırıb. Xəstədən test götürülüb, testin cavabı çıxana kimi vəziyyəti ağırlaşan qadın evdə dəstək olmaq üçün anasına zəng edib.
Pasiyentin anası İradə Hümbətova medicina.az-a ailəsinin başına gələnləri danışaraq, şikayətini çatdırdı.
Qızının vəziyyətini görən ana onun virusa harda yoluxmasını ailə içində müzakirə edib və araşdırıb. Ana iddia edir ki, qızı kiçik oğlunu son 1 ayda yalnız bir yerə aparıb gətirib: Narınc Psixoloji Mərkəzin Gənclik filialına.
“Nəvəmin birində nitq probleminə görə ilk dəfə mart ayında o mərkəzə getdik. Nəvəmə bir masaj, bir də loqoped seansı keçirilirdi. Sonra karantin oldu, mərkəz bağlandı, biz də, qızım da ciddi şəkildə evdən çölə çıxmırdıq. Qızım hətta yaxınlıqdakı mağazaya belə düşmürdü və karantin şərtlərinə, təmizliyə ciddi əməl edirdik. Ona görə də bu 2 ayda bir dəfə də problemimiz olmadı.
Mayın əvvəlindən karantin şərtləri tam yumşalandan sonra Narınc mərkəzinin də açıldığını dedilər və uşağın müalicəsinə davam edəcəyimizi bildirdilər".
Koronavirusa yoluxmuş gənc qadın bildirir ki, son 25 gündə şəxsi avtomobillə yalnız o mərkəzə gedib, ordan da evə qayıdıb. Yaxınlıqdakı mağazaya belə düşməyən qadın psixoloji mərkəzdə diqqətsizlik, nəzarətsizlik, şəraitsizlikdən koronavirus ehtimalının ola biləcəyini sanki öncədən hiss etmişdi.
“Heç bir sanitar qaydalara əməl olunmurdu. Baxıl geyinmirdilər, qapıda hərarət ölçən, əlləri dezinfeksiya edən işçi yox idi. Bir spirt qabı qoyublar, kim istəyir götürür. Çox sayda qadın, yaşlı nənə, hətta rayonlardan insanlar uşaqlarını mərkəzə müxtəlif müalicələr üçün gətirirdilər. Hamı yığışırdı kiçik foyeyə, maskasız, 10-20 nəfər söhbət edirdi. Buna da məcburdular, çünki uşaqları gözləyirdilər. Heç kimdən maska tələb olunmurdu.
Mən özüm o yerlərdən qaçırdım, ayrı yerdə dayanırdım. Uşağın masaj olunduğu otaq havasız, pəncərəsiz bir yer, havalandırma yox. Kondinsioner isə adamın kürəyini soyudurdu. Bunu işçilərə də bildirmişəm.
Bir sözlə, orda heç bir qoruyucu tədbir aparılmır, koronavirus əməlli-başlı tüğyan edə bilər.
Təkcə bura deyil. Marketlər, klinikalar, salonlar, hər yerdə... Prezidentin. vitse prezidentin, Operativ qərargahın 100 dəfə təkrarladığı tələbləri qulaqardına vururlar. Yaxşı bu yerlər açıldı, hamı pul qazanmaq istəyir, bəs koronavirusla mübarizə niyə yaddan çıxır. Bizim günahımız nədir? Karantin idi evdə oturdurq indi açılmısız, hamı çörək,qazanc istədi, bəs təhlükəsizliyə kim riayət edəcək?
Bir gün də uşağı masaj edən həkimi dəyişdilər, dedilər o həkim 15 gün olmayacaq, əməliyyat olunub. Bu bir az şübhəli gəldi ki, 15 gün axı koronavirus karantinidir. Bəlkə virusa yoluxub. Həkim isə ağır əməliyyat keçirdiyini bildirir”.
Xəstələnən qadın dərhal Narınc psixologiya mərkəzində psixoloqa da, masaj edənə də koronavirusa tutulduğunu xəbər verib.
“ Mənə deyirlər, siz ayrı yerdə də yoluxa bilərsiz. Necə ola bilər? Hansı yerdə? Öz maşınımla həftənin 6 günü bu mərkəzə gedib gəlmişəm. Anam-atam yaşlı insanlardır, onların evinə gedib gəlmirdim, qorxurdum.
Onlar sağlam, yoldaşım sağlam, bir mən virus tutdum.
Mən rəhbərliyə çatdırmaq istəyirəm ki, tədbir görsünlər, həkimlər də yoluxub bəlkə. Orda işçiləri test etsinlər. Mərkəzi bağlayıb dezinfeksiya etsinlər. Kim ölçü götürəcək. Gərək ora gələnlərin yarısı yoluxsun?.
Bizə deyirlər, şikayət etməyin, bura xəstə uşaqlar gəlir, mərkəzi bağlayarlar, günah olar. Bəs bu qədər uşağın, ananın ağır koronavirusla can çəkişməsi günah deyil?
Mən elə o uşaqların ailəsini düşünüb bunu ictimaiyyətləşdirirəm. Mən yaşadım, siz yaşamayın. Bu çox ağır xəstəlikdir".
Qeyd edək ki, koronavirusa yoluxmuş qadının testi müsbət çıxdıqdan sonra təcili yardımla evindən götürürüb, hazırda Atletlər kəndində xüsusi karantinə alınıb və 15 gün orda qalacaq. 3 uşaq isə nənəsinin nəzarətindədir.