Balığın ölçüsü nə qədər kiçik olarsa, onun faydası bir o qədər çox olar. İriölçülü balığın civə və digər toksiki maddələr ilə yüklənmə riski yüksəkdir. Bu da onun faydasından çox ziyanlı olmasına gətirib çıxarır.
Medicina.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva uşaqlara balıqların faydası və onun yeyilmə qaydalarından bəhs edib.
Həkimin sözlərinə görə, uşaqlara 8 aydan başlayaraq həftədə 1 dəfə rasiona balıq daxil etmək məsləhətdir.
Balıq məhsulları seçilmiş günlərdə müvafiq ət yeməkləri ilə əvəz olunur. Əvvəlcə körpənin balıq püresi ilə öhdəsindən gəlməsi daha asan olacaq, daha sonra balıq pudinqləri, balıq küftələri və ya buxar kotletləri ilə əvəz edilə bilər. 1 yaşında körpəyə artıq ailənin qalan hissəsi üçün hazırlanmış qaynadılmış və ya bişmiş balıq təklif edilə bilər. Bütün hallarda, bütün sümüklər, hətta ən kiçikləri də balıqdan diqqətlə çıxarılmalıdır, çünki körpə onları öz-özünə ayıra bilmir və boğula bilər. Faydalı balıqlardan biri də şamaykadır.
"Bu balığın yumşaq, yağlı əti istənilən formada dadlıdır. 3 yaşdan yuxarı uşaqlara şamayka balığının ətini sümüklə qarışıq maşından keçirib kotlet şəklində yedizdirmək olar. Kövrək sümukləri orqanizm üçün olduqca faydalı olan kalsiumla zəngin olub, dayaq, immun və sinir fəaliyyəti üçün önəmlidir".
N.Hacıyeva qeyd edib ki, uşaqların həftəlik rasionunda balıq varsa, balıq yağı verməyə ehtiyac yoxdur. Balığın tərkibində vitamin A, D və sağlamlıq üçün ən önəmli omeqa-3, vitamin D, yod, xrom, mis, flüor və vanadium çoxdur. Vitamin A göz, dəri, dırnaq, saç üçün faydalıdır. Vitamin D kalsium və fosforu orqanizmin hüceyrələrinə transport edir. Omeqa-3 də olan doymamış yağ turşuları orqanizm üçün əvəzolunmazdır. Omeqa 3-ün tərkibində EPA, EDA var ki, orqanizm özü bu maddəni istehsal edə bilmir, amma onu qəbul etməlidir. İnsanın hər bir hüceyrəsinə faydası var.