Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Psixoloqdan məktəbqabağı vacib xəbərdarlıqlar“Uşağa ən böyük zərəri elə valideyn özü vurur”

  • 2018.09.12 19:43
  • 19371 Baxış
 - Psixoloqdan məktəbqabağı vacib xəbərdarlıqlar “Uşağa ən böyük zərəri elə valideyn özü vurur”
Azərbaycan son bir neçə ildə yeniyetmə və qəbul imtahanından kəsilmiş abituriyent intiharları ilə çalxalanır. Ali məktəbə qəbul olmamaq, valideynin ümidlərini doğrultmamaq uşaqlar üçün faciəyə çevrilir. Səbəb isə ilk dərs günündən universitetə imtahan verdiyi günə qədər uşaqların çiyninə qoyulan böyük yük və məsuliyyətdir. 


Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir. 


Medicina.az məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə suallarla Türkiyədə uzmanlıq təhsili almış və elmi araşdırmalar aparmış psixoloq Leyla Davud Abdullayevaya müraciət edib:

 

Uşaqlar 7 yaşı tamam olmadan məktəbə qoyulmamalıdır.

Bu onun fiziologiyası, psixologiyası üçün uyğun deyil. 


 

 


-Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət? 


-İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər. 


Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər. 


Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı...

 

İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir.  


Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki.

Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir. 

Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir.


Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın. 


Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adatpasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar.


Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir.

Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır. 

Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar.


Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir.

 

Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır.


Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın.

 

 



-Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deylmi? 


-İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər.

 

Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin.

 

Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var. 

Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır.


 Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər. 


-Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər. 


-Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər. 


Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir.


Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır. 


Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq. 

Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi.


Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar.  


Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək. 


Valideynlər  uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur. 

Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik. 


Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan.

 




 Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir.

Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. 

 

 

-Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?


-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. 


Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? 


Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn  övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.


Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox.  


Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.

 

Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.

 

Psixoloqla əlaqə:


3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;


Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;

 


Aygün Musayeva

 - Psixoloqdan məktəbqabağı vacib xəbərdarlıqlar “Uşağa ən böyük zərəri elə valideyn özü vurur”
 - Psixoloqdan məktəbqabağı vacib xəbərdarlıqlar “Uşağa ən böyük zərəri elə valideyn özü vurur”
 - Psixoloqdan məktəbqabağı vacib xəbərdarlıqlar “Uşağa ən böyük zərəri elə valideyn özü vurur”