Süni intellekt ürəyin bioloji yaşını təyin etməyi öyrənib.
“Medicina” xəbər verir ki,Cənubi Koreyadan olan alimlər qrupu ürəyin bioloji yaşını təyin edə bilən süni intellekt proqramı hazırlayıb.
Bu tədbir ürək-damar xəstəlikləri və ölüm riskini proqnozlaşdırmaq üçün faydalı ola bilər.
Tədqiqatçılar 15 il ərzində toplanmış 500.000-ə yaxın elektrokardioqramı (EKQ) təhlil etmək üçün dərin neyron şəbəkələrdən istifadə ediblər. Daha sonra alqoritm 97 058 xəstədən ibarət müstəqil nümunə üzərində sınaqdan keçirilib.
Tədqiqatın nəticələri göstərib ki, ürəyin bioloji yaşı xronoloji yaşdan 7 ili keçərsə, ölüm riski 62%, ağır ürək-damar xəstəliklərinin yaranma ehtimalı isə 92% artır. Lakin bioloji yaş xronoloji yaşdan yeddi yaş kiçik olarsa, ölüm riski 14%, ciddi ürək problemləri riski isə 27% azalır.
Alimlər həmçinin ürəyin “qocalması” ilə onun elektrik aktivliyindəki dəyişikliklər, məsələn, QRS komplekslərinin uzadılması və QT intervalları arasında əlaqə tapıblar.
Bu göstəricilər ürəyin nasos funksiyası ilə bağlı problemləri göstərə bilər.
Tədqiqatın aparıcı müəllifi olan professor Yeon-Soo Baek deyir ki, yeni üsul ürək diaqnostikasın da inqilab yarada bilər.
"Süni intellekt gizli ürək patologiyalarını erkən mərhələdə aşkarlamağa və riskləri proqnozlaşdırmağa imkan verir. Bu, fərdiləşdirilmiş təbabətə doğru bir addımdır, burada xəstəliklərin qarşısının alınması daha dəqiq və effektiv olur”.
Aygün Musayeva