Ürəkdə ritm pozğunluğuna səbəb olan və ürəyi qəfil dayandıran "Brugada sindromu" min nəfərdən birində rast gəlinən nadir xəstəlikdir.
Medicina.az xəbər verir ki, bu sindromdan əziyyət çəkən türkiyəli Alper Ayaz son 17 ildə ürəyinin 150 dəfə dayandığını açıqlayıb. O, "şok verən ürəkdaxili cihaz"la yaşadığını bildirib.
İlk dəfə 2007-ci ildə ürəyi dayanan Alper ürəyinə cihaz qoyulduqdan sonrakı dövrün də çətin olduğunu söyləyib.
“Bəzən ritm qaydasında olmayanda ürək dəli kimi döyünür və cihaz dərhal işə düşürdü. Bir gündə cihazın 12 dəfə şok verdiyini xatırlayıram. 2007-ci ildən bəri orta hesabla dəfə ürəyim dayanıb”, - deyə o qeyd edib.
Bu, ölümlə nəticələnə bilən irsi xəstəlikdir. Müalicə ürək ritmi qeyri-müntəzəm olduqda şok verərək ritmi normala qaytaran ICD cihazının qoyulmasından ibarətdir.
Alper Ayaz iş başında və ya avtomobil idarə edərkən ICD-nin verdiyi elektroşokun təsirini yaşayıb. Son aylarda cihazın tez-tez şok verməsi səbəbilə özünü çox pis hiss edən Ayaz İstanbuldakı Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.
Burada kardioloq Dos. Dr. Serdar Dəmir tərəfindən müayinə edilib. Onun ürəyindəki nizamsız, anormal ritmin qarşısını almaq üçün ablasyon müalicəsi tətbiq edilib.
Qeyri-normal ürək ritmlərinə səbəb olan kiçik bir ürək toxumasına radiotezlik enerjisi və ya dondurma üsulu ilə tətbiq edilən bu minimal invaziv prosedurdan sonra Ayaz ürəyinin dayanmağından və şok verən cihazdan xilas olub.
Dos. Dr. Demir 3 fərqli növü olan və daha çox kişilərdə rast gəlinən bu sindromda xəstələrin adətən 27-40 yaşları arasında ani ürək dayanması səbəbindən dünyasını dəyişdiyini bildirib.
Ürək dayanmadan əvvəl adətən xəstələrin heç bir simptom yaşamadığını, buna görə də bir çox halda diaqnoz qoyula bilmədiyini diqqətə çatdırıb. Həkim bu səbəbdən "Brugada sindromu"ndan ölümlərə çox rast gəlindiyini söyləyib.
Aysel