Gündəlik həyatda hərəkətsizliyin getdikcə artması ürək sağlamlığını təhdid edir.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, gündə cəmi 15 dəqiqəlik sürətli hərəkət ürək xəstəliklərindən qorunmağın yolu ola bilər.
Mütəxəssislər cəmi 15 dəqiqədə ürək xəstəliyi riskini azaldan bir neçə hərəkəti tövsiyə edirlər.
Fitness mütəxəssisi Lion Bolmer deyir ki, 15 dəqiqə ərzində edilə bilən bəzi məşqlər ürək xəstəliyi riskini azaldır.
Onlardan biri iplə tullanmaqdır. İp tullanmaq sadə görünsə də, əslində hər bir boksçunun məşq proqramının əsasını təşkil edir.
Gündə cəmi 15 dəqiqə iplə tullanmaq böyük fərq yarada bilər. 15 dəqiqə ərzində davamlı olaraq iplə tullanmaq sizə çətin gəlirsə, 30 saniyəlik fasilələrlə bunu reallaşdırmaq öz əlinizdədir.
Eyni zamanda, bu məşq koordinasiya və çevikliyi yaxşılaşdırır; qısa müddətdə əhəmiyyətli miqdarda kalori yandırmağa kömək edir. Üstəlik, iplə tullanmaq üçün xüsusi zaman yaratmağa da ehtiyac yoxdur. Nahar fasiləsində belə bunu edə bilərsiniz.
Ürək üçün faydalı olan digər bir hərəkət isə sürətli yeriş və ya qaçışdır. Qaçış populyardır, çünki çoxlu avadanlıq tələb etməyən, sadə, lakin effektiv seçimdir. Oynaqlarında problem olanlar və ya hərəkətli həyat tərzinə yeni başlayanlar qaçış əvəzinə sürətli yerişi də seçə bilərlər. Sürətli yeriş də ürək döyüntünüzü yüksəldəcək və bir az tərləməyinizə səbəb olacaq. Əgər bunlar baş vermirsə, tempi yüksəltmək üçün yamac və ya pilləkənlərin çox olduğu ərazilərdə yeriş edin. Beləliklə, cəmi 15 dəqiqədə bədəninizdəki yağları yandırıb, ürək-damar sağlamlığınızı qoruyacaqsınız.
Gül