Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək niyə sözə baxmır, təzyiq xəstələri nə etməlidir? – Bozbaşla MÜSAHİBƏ

  • 2022.12.15 14:08
  • 21746 Baxış
Ürək niyə sözə baxmır, təzyiq xəstələri nə etməlidir?   – Bozbaşla MÜSAHİBƏ


"TƏZYİQ XƏSTƏLƏRİ ÜÇÜN ÜÇ ƏHƏMIYYƏTLİ VƏ PRAKTİK QAYDA VAR"


Hüseyin Bozbaş Türkiyənin tanınan kardioloqlarından biridir. Bir müddət əvvəl onun qardaş ölkədə məşhur olan “Xolestrin həqiqətləri” kitabını Bakıda çap etdirmişdik. Hər kəsin başa düşə biləcəyi dildə yazılıb, olduqca praktik kitabdır. Öz təcrübələri, xəstə tarixçələri kitaba xüsusi rəng qatır. Ankarada olarkən doktorla görüşüb söhbət eləmək qərarına gəldim.


...Otelin lobbisində çay sifariş veririk. Həkim özüylə gətirdiyi sudan qurtumlayır.

- Hocam, kardioloqların çayla arası olmur, deyəsən...

- Yanımda həmişə su olur. Çayın da ziyanı yoxdur - içilə bilər. Əsas olan maye qəbuludur. Bir insanın çəkisinin 30%-i qədər qədər maye qəbul etməlidir. Məsələn 70 kq çəkidə olan insan 2.1 litr maye qəbul etməlidir. Qalan qismi çay, qəhvə, şorba ola bilər. Digər mayeləri topladığımız zaman ümumilikdə 2.1 litr maye qəbul olunsa, yaxşı olar.

- Amma çayın təzyiqi qaldırdığını deyənlər də var...

- Çayın günümüzə qədər bir zərəri sübut olunmayıb. Amma müsbət təsirləri bəllidir. Xüsusilə ürək, təzyiq xəstəliklərinə müsbət təsir göstərir. Amma çayın doğru dəmlənməsi və təbii olması əhəmiyyətlidir.

- Çay çox içən adamlar deyir ki, adamın yorğunluğunu alır, əsəbilər sakitləşdirir. Ürək xəstələrində əsəbin, stressin rolu nə qədərdir?

- Çox böyük rolu var. Stress ürək sağlamlığına bir neçə şəkildə mənfi təsir göstərir. Birincisi, stress yaşadığımız zaman stress hormonları ifraz olunur. Adrenalin kimi. Bu hormonlar ürək döyüntülərini sürətləndirir. Nəbzi və təzyiqi yüksəldir. Bu şəkildə infarkta meyillilik meydana gəlir. İkincisi, stress yaşadığımız zaman yemək yemə alışqanlığımız pozulur. Daha sağlıqsız qidalanırıq. Yağlı və hazır qidalardan, spirtli içkilərdən istifadəni çoxaldırıq. Bütün bunlar həm birbaşa, həm də dolayı yollarla ürək sağlamlığı üçün riski artırır.


- Qeyd etdiniz ki, spirtli içki ürəyə zərərlidir. Amma spirtli içki həm də stressi azaldır...

- Burda miqdar əhəmiyyətlidir. Həftədə bir neçə dəfə az miqdarda qəbul edilən spirtli içki qoruyucu ola bilir. Xüsusilə də şərablar. Çünki şərabın tərkibində flavonoid adı verdiyimiz maddələr var, bunun faydalı ola biləcəyi təsdiqlənib. Amma yüksək miqdarda və tez-tez qəbul edilən spirtli içki ürəyə ziyandır. Həm yüksək təzyiqə səbəb olur, həm də ürək çatışmazlığına yol açır. Çox miqdarda spirtli içki qəbul edildikdə ürəkdə genişlənmə meydana gəlir.

- Yəqin ki, Azərbaycandan gələn ürək xəstələrini müalicə etmisiniz. Nələr müşahidə etmişiniz, müalicə zamanı hansı yanlışlığa yol verilib?

- Ümumilikdə götürəndə bənzər situasiyaları burdakı xəstələrimizlə də yaşayırıq. Xəstələrlə söhbət zamanı onlardan “piyada gəzirsinizmi” deyə soruşduqda əksəriyyətindən “yox” cavabı alıram. Onların əksəriyyəti stress yaşayır, çoxu siqaret istifadəçisidir. Təzyiqlərinin yüksək olduğunu görürəm. Bütün bunları bir araya topladıqda damar sərtliyi üçün riski öz əlimizlə artırmış oluruq. Türkiyədəki xəstələrdə gördüyüm nüansları eynilə Azərbaycandan gələn xəstəlkərdə də müşahidə edirəm. Çünki həyat tərzləri bənzərdir.

- Doktor, bilirik ki, təzyiq dərmanlarının sayı həddindən artıq çoxdur. Hər həkim bir dərman yazır. Ürək-təzyiq xəstələrində hansı dərmanın daha yaxşı olduğunu necə təyin etmək olur?


- Bir təzyiqi yüksək olan xəstə gördüyümüz zaman əvvəlcə onun dərmana ehtiyacının olub-olmadığını müəyyənləşdiririk. Xəstəni izləməyə alırıq. Bir dəfə təzyiq yüksək olduğu zaman dərman müalicəsinə başlamırıq. Bir neçə dəfə təzyiqini ölçürük, qrafik çıxarırıq, ondan sonra təzyiq orta hesabla 14.9-un (140.9) üzərindədirsə o zaman dərman müalicəsinə başlayırıq. Hansı xəstəyə hansı dərmanı təyin edəcəyimizə isə xəstənin vəziyyətinə görə qərar veririk. Məsələn, ürəyində stent olan, ürək damarında darlıq olan xəstəyə, həm ürəyi qoruyan, həm də təzyiqi normallaşdıran dərman yazırıq. Nəbzi yüksək olan xəstəyə, həm nəbzini düşürən, həm də təzyiqini normallaşdıran dərman veririk və dərman müalicəsinə başladıqdan sonra da xəstəni izləyirik.

Bu, dərman müalicəsinin nəticəsini öyrənmək üçün vacibdir. Görəndə ki, təyin etdiyimiz dərman xəstəyə yaxşı təsir edir, o dərmanla da davam edirik. Dərman müalicəsinə başlayanda belə son dərəcədə dəqiq oluruq. Dərmanın dozasını xəstəyə görə tənzimləyirik. Bəzən belə də olur ki, verdiyimiz dərman xəstəyə çox gəlir - təzyiqi çox aşağı salır, o halda dozanı azaldırıq. Bəzən olur ki, yan təsirləri olur. Belə vəziyyətlərdə o dərmanı digəri ilə dəyişdirik. Əlimizdə 4-5 növ təzyiq dərmanı var. Bu dərmanlar çox təsirlidir. Biz dərmanın biri ilə başlayırıq. Yetərli olmadıqda digərini əlavə edirik və bu şəkildə təzyiqi nəzarətdə saxlayırıq. Bu baxımdan deyə bilərəm ki, hazırda tibb çox yaxşı vəziyyətdədir. Təzyiqini aşağı sala bilmədiyimiz xəstə olmur.

Bir təzyiq xəstəsi üçün üç əhəmiyyətli və praktik qayda var: duzunu azaldırsan, idmanla məşğul olub artıq çəkidən xilas olursan və dərmandan istifadə edirsən. Bunlara əməl etmək təzyiqin nəzarətdə olması üçün yetərlidir.


- Kardioloji xəstələrin çoxu təzyiq xəstələri olur. Bunun səbəbi nədir?

- Ürəyimiz qanı pompaladığı zaman təzyiqlə vücuda göndərir. Arterial vena yolu ilə saç diblərimizdən ayaq barmaqlarımıza qədər bütün vücudumuza qanın çatması lazımdır. Qanın damar divarına etdiyi təzyiqə qan təzyiqi deyilir. Bu rəqəm həddindən artıq yüksəldikdə o zaman buna hipertəzyiq - yüksək təzyiq deyirik. Rəqəmlə ifadəsi belədir: təzyiq 14.9 -un üzərindədirsə, bu, yüksək təzyiq deməkdir. Yüksək təzyiq müalicə olunmadığı zaman qanın divarına göstərdiyi təzyiq damarın iç təbəqəsini - damar yatağını zədələyir. Bizim məqsədimiz təzyiqi müalicə edərək bu zədənin qarşısını almaqdır. Bu baxımdan da təzyiqi əsasən kardioloqlar və nefroloqlar müalicə etməlidir. Bizlər kardioloq olaraq yüksək təzyiqi müalicə edirik.

- Təzyiqdə xolesterinin rolu nə qədərdir və xolesterinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Xolesterin qanımızda dolaşan yağların yüksək olmasıdır. Xolesterin yüksək olduğu zaman müalicə olunmazsa, damar sərtliyinə yol açır. Damar sərtliyinə yol açdığı zaman isə illər ərzində yüksək təzyiqin inkişafını artırır. Odur ki, xolesterin yüksəkdirsə, onu vaxtında müalicə etmək lazımdır.

- Bəzi həkimlər xolesterinin müalicəsində dərman müalicəsini inkar edir...

- Bəli. Xolesterinin müalicəsi çox əhəmiyyətlidir. Çünki xolesterol damar xəstəliklərini yaradan ən ciddi səbəblərdən biridir. Xolesterin müalicəsində biz nə zaman dərman müalicəsinə başlayırıq, xəstələri iki qrup üzə dəyərləndiririlk:
1.İlkin qorunma.

Damar xəstəliyi yoxdursa, xolesterinin bir az yüksək olması dərman müalicəsinə başlamağımız üçün səbəb deyil. Bu xəstələri biz dərman müalicəsinə başlamdan izləyirik. İdman və pəhrizə yönəldirik. Ancaq xolesterin çox yüksəkdirsə, o zaman dərman müalicəsinə başlayırıq


2.Damar xəstəliyi olanlar.

Məsələn, infarkt keçirənlər, damarına stent taxılanlar, anju olunan, paraliç keçirən xəstələr. Bu xəstələrdə xolesterin normal olsa belə dərman müalicəsinə başlayırıq. Çünki bu cür xəstələr onsuz da damar xəstəliyi keçirib və yenidən damar xəstəliyi yaşamaması üçün həmin xəstələrə dərman müalicəsi başlayırıq.

- Bu qədər tenxoloji inqilabların olmasına, kordiologiya sahəsinin çox inkişaf etməsinə baxmayaraq, nə üçün təzyiqin dəqiq səbəbləri bilinmir?

- Bunun səbəbi dəqiq bilinmir, amma hansı vəziyyətlərin təzyiqin yaranmasını tətiklədiyi bilinir. Bunları yuxarıda sadaladıq. Amma necə inkiaf edir, bunun cavabı bilinmir.

- Yuxu faktoru ürək xəstələrində hansı rol oynayır?

- Yaxşı yuxu çox əhəmiyyətlidir. Yaxşı yatmaq sağlıqlı həyat, sağlam ürək üçün vacibdir. Bir insanda yuxu pozuqluğu olarsa, gecə oksigen aşağı düşür. Oksigen azaldıqda ürək yorulur, ritm problemi yaranır və təzyiq yüksəlir. Bədən dincələ bilmədiyi üçün bir sıra xəstəliklərə zəmin hazırlanır ki, bunların da başında ürək-damar xəstəlikləri gəlir. Belə xəstələr gecələri çox xoruldayır, nəfəsi qəfil kəsildiyi üçün oyanır. Bu xəstələrə bir gecə yuxu laboratoriyalarında yatırdılır və yuxuları izlənilir. Beyinlərinin tomoqrafiyası çəkilərək gecə boyunca izlənilir. Yuxunun nə qədər bölündüyü, nəfəsin nə qədər dayandığı hesablanır. Əgər yuxuda durma varsa, cihaz təyin edilir.

- Təzyiq günün hansı zamanı daha çox olur?

- Səhər ilk yuxudan durduğumuzda təzyiq yüksəlir. Gün içərisində dalğalı olur. Gah qalxır, gah düşür. Axşamlar isə yenidən düşür. Ona görə də təzyiq dərmanlarını səhərlər təyin edirik. Əgər iki dərman təyin ediriksə, onun biri axşam, biri səhər qəbul edilir ki, gün boyu təsirli olsun. Təzyiq müalicəsində təyin etdiyimiz dərmanların əksəriyyəti 24 saat təsirlidir.

- Bütün kardioloqlar siqaretə düşmən kimi baxırlar. Açığı, məndə belə bir təəssürat var ki, siqaretin ziyanı bir az şişirdilir...

- Qətiyyən! Siqaret ürək-damar xəstəliklərini ən ciddi şəkildə artıran risk faktorlarından birincisidir. Siqaret tüstüsü qəbul edən insanlar siqaret qəbul edən insanlardan 3-4 qat daha artıq damar sərtliyinə yaxalanma riski daşıyır. Siqaretlə bağlı belə bir anlayış var: insanlar bir paket istifadə etdikləri zaman az istifadə etdiklərini düşünürlər. Ancaq bunun tibbi tərifi bu şəkildədir: Gündə yarım paket, yəni on ədəd qəbul edilirsə, biz buna tibbdə ağır istifadəçi deyirik. Gündə bir paket siqaret qəbul edən insan yarım paket qəbul edənin iki qatı daha ağır istifadəçi hesab olunur. Ümumiyyətlə, tütütn məhsullarının hamısından uzaq durmaq lazımdır. Elektron siqaret, qəlyan da bura aiddir. Elektron siqaretlər də son dərəcədə zərərlidir.

- Təzyiqin genetik olduğu isbatlanarsa, onun qarşısını hansısa yollarla almaq mümkündürmü?

- Yüksək təzyiqdə genetik faktor əhəmiyyətlidir. Bu o deməkdir ki, valideynlərimizdə gəncliyində yüksək təzyiq varsa, bizdə görünməsi yüksək ehtimaldır. Amma valideynlərdə olubsa, mütləq şəkildə bizdə olacaq deyə bir şey yoxdur. Yəni dəqiq olaraq keçici deyil. Məndə təzyiq varsa, uşaqlarımda olacaq deyə bir şey yoxdur. Amma meyillilik arta bilər. Təzyiqin inkişafında genetika qədər ekaloji amillər də əhəmiyyətlidir. Ekoloji amillər nədir? Stresli həyat, artıq çəki, həddindən artıq spirtli içki, çox duz qəbul etmək, idman etməmək. Bunlar olduğu zaman təzyiqin inkişafı artır.


- Yüksək təzyiqli xəstələrin idman etməsinin fəsadları ola bilərmi?

- Xeyr. Yüksək təzyiq diaqnozu qoyduğumuz xəstələr dərman müalicəsi ilə birlikdə idman edərsə, bu çox faydalı olar.

- Niyə qadınlar arasında təzyiq xəstələri kişilərə nisbətən az olur?

- Az deyil. Qadınlarda da, kişilərdə də yaşla bərabər təzyiq artır. Qadınlarda əsasən, klimaks dövründə təzyiq xəstəliyi meydana gəlir. Ümumilikdə isə insanların üçdə birində qan təzyiqi xəstəliyi var. 50 yaşına çatan insanların 50 faizində, 60 yaşa gələn insanların 60, 70 yaşa çatan insanların isə 70 faizində təzyiq xəstəliyi var. Bunun da səbəbi odur ki, bizlər yaşalndıqca damarlarımız da yaşlanır və damarlar sərtlədşikcə təzyiq yüksəlir.

- Hüseyin doktor, insanlarımıza nə tövsiyə edərdiz?

- Azərbaycana salamlar. İdman etsinlər, yağdan, duzdan, siqaretdən, çox içkidən uzaq dursunlar.

Elçin Zahiroğlu
Baku Post