Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Unikal əməliyyat - Qan dövranı dayandırıldı

  • 2017.09.25 16:32
  • 13706 Baxış
Unikal əməliyyat -  Qan dövranı dayandırıldı
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və onun rəhbərlik etdiyi həkimlər briqadası unikal əməliyyat həyata keçiriblər. Ağciyər damarlarının endarterektomiyası adlanan həmin əməliyyat ölkəmizdə ilk dəfə icra edilib.


Medicina.az xəbər verir ki, həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan əməliyyatın mahiyyəti barədə məlumat verən Kamran Musayevin AZƏRTAC-a verdiyi məlumata görə, həmin diaqnoz qoyulan xəstələr indiyədək dərmanla müalicə edilir və xəstələrin çox böyük əksəriyyəti həyatını itirirdi.


Baş həkim deyir: "Xəstə 27 yaşlı yeni ana olmuş qadın idi. Hamiləlik zamanı baldır şişkinliyi ilə əlaqədar həkimə müraciət edib və ona baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicə aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayanda ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. Aparılan 3-4 aylıq müalicə səmərəsiz olub və xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Biz onu müayinə edəndən sonra "xroniki tromboembolik ağciyər hipertenziyası" diaqnozu qoyduq".


Cərrah yeganə müalicə yolunun xəstənin qan dövranının tam dayandırılmaqla cərrahi müdaxilə olduğunu bildirib: "Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda xüsusi cərrahi alətlərdən istifadə edərək təmizlədik. Həmin əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18 dərəcə C-yə qədər soyudulur. Ona görə əməliyyatı çox sürətlə və qısa zamanda aparmaq tələb olunur. 20 dəqiqə ərzində əməliyyatı başa çatdırmaq məcburiyyətində idik, əks halda xəstənin həyati orqanlarına ciddi zərər dəyə bilərdi. Əməliyyatın həmin kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstə tam sağalaraq evə göndərildi".


Tibb elmləri doktoru Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə etdi: "Xüsusilə hamilələr, artıq çəkisi olanlar, müəyyən qan xəstəliyi olan xəstələr risk qrupundadır. Ağciyər damarlarında tromb yaranan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Həmin xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər həmin diaqnozu mütləq nəzərə almalıdırlar. Artıq respublikamızda da icra olunan həmin əməliyyat zərurət olan bütün xəstələrə məsləhət görülməlidir".


Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.

 


Unikal əməliyyat -  Qan dövranı dayandırıldı
Unikal əməliyyat -  Qan dövranı dayandırıldı