Uğurlu burun əməliyyatı edən LOR cərrah tapmaq günü-gündən çətinləşir. Düzdür, cərrah çoxdur, rəqabət də artıb, bir çoxları isə qiymətləri endirməklə pasiyentləri cəlb edir. Ancaq bir çox xəstələr əməliyyatdan sonra nəfəs çətinliyi, burun əyilməsi kimi problemlərlə üzşir və digər həkimlərə üz tutub çarə axtarırlar.
Tanınmış rinoplastik cərrah, LOR həkim Məzahir Quliyev Bakupost.az -a açıqlamasında yanlış əməliyyatların səbəbləri və fəsadlarından danışıb.
“Təəssüf ki, revizion – təkrari əməliyyatların sayı günümüzdə artır. Əməliyyat keçirmiş xəstələr bəzən estetik olaraq çox gözəl burun əldə etsə də, funksional olaraq bu orqanın işi tam pozulur.
Demək olar ki, pasiyentlər nəfəs ala bilmir, gecə yatmır, selikli qişa quruyur, burundan fit səsi, su gəlir. Biz belə pasiyentləri tam müayinə edir, endoskopla baxırıq, bütün problemləri göstəririk, şikayətlərin səbəbini araşdırır və son qərarımızı veririk. Nəyi aradan qaldıra, nəyi düzəldə biliriksə,
yardım edirik”.
Həkim dünya təcrübəsinə görə, bir rinoplastik cərrahın gündə 1-2 əməliyyat keçirə biləcəyini də bildirib.
“Amma bu gün 3-4 əməliyyat edənlər var. Cərrah bütün gücünü, enerjisini yalnız 2 əməliyyata sərf edə bilər. Bu zaman nəticə də uğurlu olar. Daha çox əməliyyat sayına köklənmək işin keyfiyyətinə təsir edir. Ona görə də həkimlərə təkrar əməliyyat üçün müraciət edənlərin ayı artır.
Əməliyyatı edərkən cərrah sonradan yaranacaq fəsadların qarşısının alınması üçün də tədbir görməlidir.
Pasiyetlər həkim seçərkən qiymət fərqinə önəm verir. Ucuz həkim və klinika axtarır, düşünür ki, eyni əməliyyatdır, nə fərqi, bu həkim 2 dəfə ucuz edir. Hər bir cərrahın xəstəyə, əməliyyata yanaşma tərzi var.
Ehtimal olunan fəsadların öncədən qarşısını ala bilib tədbir görən cərrah seçilməlidir”.
Aygün Musayeva