Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"3-cü doza ilə iş bitməyəcək, 4-5-6-cı da olacaq" - Kovid müalicəsi ilə məşğul olan həkim

  • 2021.11.04 15:28
  • 2269 Baxış
"3-cü doza ilə iş bitməyəcək, 4-5-6-cı da olacaq" -  Kovid müalicəsi ilə məşğul olan həkim
COVID-19 mərkəzi sinir sisteminə təsir etdiyi üçün xəstələr aqressivləşir, hər şeydə mənfilik görürlər. İnsanlarda nevroz, psixoz yaranır, onlar tez qıcıqlanır, bəzilərinin yaddaşında problemlər ortaya çıxır.

Medicina.az xəbər verir ki, bu barədə pandemiya başlayandan koronavirus infeksiyasına yoluxmuş xəstələrlə işləyən pediatr Könül Əliyeva Media.Az-a müsahibəsində məlumat verib.

O, yoluxucu xəstəlikdən sağaldıqdan sonra da bu simptomların dərhal keçmədiyi barədə xəbərdarlıq edib.

“Məhz buna görə də postpandemiya dövründə reabilitasiya tədbirləri vacibdir. Mən özüm adətən pasiyentlərimi xəstəxanadan çıxdıqdan sonra pulmonoloq və nevropatoloqun qəbuluna, həmçinin ürəyinin yoxlanılmasına yollayıram, qarın boşluğu orqanlarının USM-dən keçirməsini tapşırıram və ümumi qan testinə göndərirəm”, - deyə müsahib bildirib.

Həkimin sözlərinə görə, xəstəxanada olan pasiyentlərə daim yataqda uzanmasına imkan verilmir, onlar hərəkət etməyə, nəfəs məşqlərinə məcbur edilir.

“Çoxları müqavimət göstərir, düşünürlər ki, əgər xəstədirlərsə, o zaman yataq istirahətinə ehtiyacları var və hər kəs onlara qayğı göstərməlidir. Biz izah edirik ki, hərəkət edərkən qan dövranı yaxşılaşır, qanın iltihab müşahidə olunan toxumalara axını onların bərpasına kömək edir. Yəni bədən özü özünü sağaldır”.

Mütəxəssisin sözlərinə görə, insanların koronavirusu ayaq üstə keçirdiyi hallar çox olur, çünki onlar uşaqlarla, evlə və s. işlərlə məşğul olduğundan xəstələnməyə sadəcə vaxtları yoxdur. Bu səbəbdən o, yoluxanlara bütün fikri xəstəlikdə cəmləməməyə, onda ilişib qalmamağa çağırıb.

Pandemiyanın müddətinə gəldikdə isə, həkim koronavirusun xroniki xəstəliyə çevriləcəyi, yəni bəşəriyyətin onunla yaşamağı öyrənəcəyi barədə düşüncələrini bölüşüb.

“Qripdən olduğu kimi, hər il COVID-19-dan da vaksinasiyadan keçəcəyik. Hər şey vaksinin buster dozası ilə məhdudlaşmayacaq, dördüncü, beşinci, altıncı və s. olacaq”, - deyə K.Əliyeva sözlərini yekunlaşdırıb.