Virusların orqanizmə daxil olması nəticəsində yaranan viral infeksiyalarda öskürəyin bir neçə gün ərzində öz-özünə yox ola biləcəyi bildirilir.
Medicina.az xəbər verir ki, həkimlər üç həftədən çox davam edən öskürəyin isə ağciyər xərçəngi, xroniki bronxit və astmanın əlaməti ola biləcəyi bildirirlər.
Ankara Universiteti (AÜ) Tibb Fakültəsindən Prof. Dr. İsmayıl Balık yay fəslinin bu dövründə iqlim dəyişkənliyi səbəbindən yuxarı tənəffüs yollarının xəstəliklərində artım müşahidə olunduğunu deyib.
“Ətrafda öskürən, asqıran, burun axıntısı şikayətləri olan insanları görə bilərsiniz. Bunun iki səbəbi var. Bu problemlər həm tənəffüs yollarının viruslu infeksiyaları, həm də yaz aylarının gəlişi ilə ağaclardan tozcuqların havaya daşınması ilə həssas insanlarda allergik reaksiyaların inkişafı ilə əlaqədar yaranır”, - deyə professor diqqətə çatdırıb.
O, qrip, RSV və Covid kimi virusların epidemiya səviyyəsində deyil, mövsümi normal səviyyədə olduğunu bildirib:
"Covid indi qrip kimi mövsümi bir xəstəliyə çevrilib və risk qrupuna daxil olmayan və peyvənd olunmuş və ya daha əvvəl Covid keçirmiş şəxslərdə yüngül simptomlar yaradır".
Həkimin sözlərinə görə, son zamanlar dünyada uzun müddət davam edən öskürəkdən əziyyət çəkən xəstələrdə artım var:
“Öskürək virus infeksiyalarına görə baş verə bilər. Viral infeksiyaya bağlı öskürək bir neçə gün davam edir və adətən öz-özünə keçir. Bu infeksiyalardan sonra pnevmoniya və ya sinüzit kimi ağırlaşmalar inkişaf edərsə, öskürəyin müddəti uzanır. Öskürək üç həftədən çox davam edərsə, həkimə müraciət edilməlidir. Uzunmüddətli öskürək ağciyər xəstəliklərinin əlaməti ola bilər. Üç həftədən çox davam edən öskürək sinüzit və pnevmoniyanın inkişafı ilə bağlı ola biləcəyi kimi, ağciyər xərçəngi, xroniki bronxit və astmanın simptomu da ola bilər".
Prof. Dr. İsmayıl Balık uzun illər siqaret çəkənlərin və siqaret tüstüsünə məruz qalanların uzunmüddətli öskürək zamanı mütləq həkimə müraciət etməli olduqlarına diqqət çəkib. Həmin insanların ağciyər xəstəlikləri ilə bağlı lazımi müayinələrdən keçmələrinin vacib olduğunu izah edən professor bunları deyib:
“Bundan başqa, virus infeksiyası zamanı yalnız quru öskürək varsa, antibiotik və ya öskürək siropundan istifadə etmək qətiyyən lazım deyil. Antibiotiklərdən istifadə etmək üçün öskürək bəlğəmli olmalı və uzun müddət davam etməlidir. Lazımsız istifadə edildikdə əks təsirlər yarana bilər, ona görə də antibiotiklər və öskürək dərmanları heç vaxt həkimlə məsləhətləşmədən istifadə edilməməlidir. Öskürək zamanı bol su içmək və bitki çaylarından istifadə etmək daha faydalı olacaq. Bəlğəm, təngnəfəslik, ağrılarla müşayiət olunan yüksək hərarət zamanı isə həkimin təyin etdiyi antibiotiklərdən müntəzəm və vaxtında istifadə edilməlidir”.
Professor daha əvvəl heç vaxt peyvənd olunmamış və Covid-19 keçirməmiş insanların risk qrupunda olduqlarını xatırladıb.
"Covid və qrip 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olanlar və risk qrupunda olanlar üçün ağır və hətta ölümcül nəticələnə bilir. Bu qrupdakı insanlar daha ehtiyatlı olmalı və özlərini qorumalıdırlar", - deyə Prof. Dr. İsmayıl Balık vurğulayıb.
Aysel