Alimlər tütünün yaxın qohumu olan bitkinin genetik modifikasiyası ilə ana südündə olan bəzi qida maddələrini istehsal etməyi bacarıblar.
Medicina.az xəbər verir ki, bu sayədə həm uşaq qidaları, həm də böyüklər tərəfindən istehlak edilən bitki mənşəli südlər zənginləşdirilə bilər.
Ana südündə bol miqdarda oliqosakarid adlanan birləşmələr var. Bunlar körpələrin sağlamlığına faydalı olan bağırsaq florasını inkişaf etdirir.
Körpələrin həzm edə bilmədiyi bu kompleks şəkərlər immunitet sistemini gücləndirir və infeksiyaların qarşısının alınmasında əhəmiyyətlidir. Hazırda bu birləşmələr E.coli bakteriyası ilə istehsal olunur və bəzi uşaq qidalarına əlavə edilir. Bununla belə, onların istehsalı çox baha başa gəlir və az miqdarda ana südü oliqosakaridləri istehsal edilə bilir.
"Nature Food" jurnalında dərc edilən araşdırmada bildirilir ki, genetik cəhətdən dəyişdirilmiş “Nicotiana benthamiana” bitkisi bu birləşmələrdən 11-ni istehsal etməyə imkan verir. Qeyd edək ki, ana südündə isə təxminən 200 oliqosakarid var.
Alimlər bitkinin sadə şəkərləri mürəkkəb şəkərlər meydana gətirən zəncirlərə birləşdirən şəkər istehsal mexanizmini yenidən proqramlaşdırıblar. Tədqiqatçılar sadə şəkərləri ana südü oliqosakaridləri ilə birləşdirmək üçün lazım olan fermentləri istehsal etmək üçün nəzərdə tutulmuş genləri bitkiyə daxil ediblər.
"Biz üç əsas qrup ana südü oliqosakaridləri istehsal etdik. Mənim bildiyimə görə, heç kim hər üç qrupun bir orqanizmdə eyni vaxtda istehsal oluna biləcəyini göstərməyib. “Nicotiana benthamiana” tərəfindən istehsal olunan ana südü oliqosakaridləri arasında LNFP1 adlı bir birləşmə var ki, körpələrdə daha az infeksiyaya səbəb olduğu düşünülür, lakin indiki üsullarla yüksək miqdarda istehsal edilə bilmir”, - araşdırmanı həyata keçirən Dr. Petrik Şi nəzərə çatdırıb.
Tədqiqatçılar yeni metodla daha ucuz və sağlam uşaq qidaları, eləcə də böyüklər üçün qida dəyəri yüksək olan bitki mənşəli südlər hazırlaya biləcəklərini düşünürlər.
Aysel