Havalar soyuduqca, qış mövsümü yaxınlaşdıqca insanlar süfrələrdə turşu məhsullarından istifadə etməyə başlayırlar. Lakin bəzən bu turşu məhsulları zəhərlənmələrə, hətta ölümlərə də səbəb olur.
Məsələ ilə bağlı Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, bütün konservləşmiş məhsullar texniki standartlara uyğun olmadığı halda zəhərlənməyə səbəb ola bilər:
"Bu hallar əsasən bağlı qablardakı turşuları yeyəndə baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qarışır və zəhərlənməyə səbəb olur. Hətta bəzi hallarda bu zəhərlənmə ölümə də səbəb ola bilər. Turşunun qapağı bağlanan zaman orada anaerob, yəni oksigensiz mühit yaranır. Açıq turşularda heç vaxt botulizm ola bilməz. Buna görə də xüsusilə ev şəraitində hazırlanmış konservləşmiş məhsullara diqqət edilməlidir”.
Həkim turşunun zəhərli olmasını göstərən halları da qeyd edib:
"Əgər turşunun qoyulduğu balonun qapağı şişib, suyu bulanıb, dadı da dəyişibsə, bu halda həmin turşu və ya konservləşmiş hər hansı məhsul ciddi zəhərlənməyə səbəb ola bilər. Yəni bu hallar aşkarlanarsa, qəti şəkildə həmin qidadan yemək olmaz. Amma təəssüf ki, bəzən insanlar bunun fərqinə varmır və çox ciddi problemlərlə üzləşir. Hətta təkcə ev şəraitində deyil, fabrik istehsalı olan məhsullarda da belə hallar aşkarlanarsa, həmin qidadan istifadə etmək çox təhlükəlidir”.
A.Qeybulla bildirib ki, gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər:
"Bazarlarda plastik qablarda satılan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur”.
Qeyd edək ki, dünən Şirvan şəhərində 1992-ci il təvəllüdlü Fətullayev Əli Əlisəfa oğlu sirkəyə qoyulmuş turşu yeyərkən zəhərlənib.
Vəziyyəti ağırlaşdığından o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.