Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Turşu hansı hallarda zəhərləyib öldürür?

  • 2021.11.17 14:21
  • 10469 Baxış
Turşu hansı hallarda zəhərləyib öldürür?

Füzulidə noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə “Kliniki Tibbi Mərkəz”ə gətirilən 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva bu gün Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.

Medicina.az xəbər verir ki, hazırda reanimasiyada olan Aytac Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.

Bəs görəsən turşu məhsulları hansı hallarda zəhərlənmələrə səbəb olur?

Mütəxəssis-terapevt Ayan Ağayevanın sözlərinə görə, turşu qoyulan zaman müəyyən preparatlardan istifadə edilir ki, bu da zəhərlənmələrə səbəb olur: "Bəzi turşuların tərkibinə qatılan dərman vasitələri və ya kimyəvi vasitələr zəhərlənməyə səbəb ola bilər. Bəziləri turşu bağlayarkən ona cıtramon, aspirin, tetrackilin və s. dərmanlar qatırlar ki, guya belə olanda turşu atmır. Bu dərmanların təsirindən də zəhərlənmə baş verir. Bunun səbəbi isə dərman və turşuya qatılan maddələrin bir-biri ilə reaksiyaya girməsidir".

Vətəndaşların turşu məhsullarını ən çox aldığı “8-ci km bazar”ına yollandıq. Lüba Qəhrəmanova uzun illərdir ki, bazarda turşu satır. Deyir ki, turşu düzgün tutularsa, heç bir zaman zəhərlənməyə səbəb olmaz: ”Bizim bu açıq vəziyyətdə satılan məhsulları taxta qablarda saxlayırıq. Açıq məhsulların qorxusu olmur. Zəhərlənmə adətən bağlı bankalarda olur. Duz az olanda turşu xarab olur. Biz açıq məhsula “iksus” tökmürük. Açıq məhsulda duz azlığı məhsulun xarab olmasına gətirib çıxarır. O zaman da həmin məhsul atılmalıdır”.

Uzun illərdir özü üçün turşu hazırlayan, həm də bazardan turşu məhsullarını mütəmadi alan Təranə Hüseynova deyir ki, turşu hazırlayan zaman ilk növbədə təmizlik önəmlidir. Əgər hər hansı məhsulda bakteriya qalıbsa, o məhsuldan istifadə etmək düzgün deyil. Günəş şüalarına məruz qalan turşudan istifadə də, insan sağlamlığında fəsadlara yol aça bilər: ”Qablar qaynar su ilə sterilizasiya olunmalıdır. Meyvələr və qapaqlar da. Hazırlanan zaman diqqət olunmalıdır ki, meyvələrin suyu çəkildikdən sonra qablara yığılsın”.

Baş toksikoloq Azər Maqsudov deyir ki, qida zəhərlənmələri zamanı “botulizm” adı verilən infeksiya növü yaranır ki, bu da ölümə belə səbəb ola bilər. Bu tip zəhərlənmələrin isə özünəməxsus əlamətləri var: “Baş ağrıları, ürək bulanma, qusma, qarın nahiyəsində ağrılar və qızdırma müşahidə oluna bilər. Getdikcə bu vəziyyət daha da ağırlaşır və beyndə nevroloji simptomlar əmələ gəlir. Bu zaman xəstə huşunu itirir. Ona həmin vaxt zərdab vurulmasa, vəziyyəti daha da pis ola bilər”.

Həkimin sözlərinə görə, zəhərlənmə zamanı vətəndaşlar ev şəraitində heç bir şey qəbul etməməlidir. Dərmanı isə yalnız həkim məsləhəti əsasında qəbul etməlidirlər.

Xatırladaq ki, Turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev və onun qızı Aytac Mirzəyeva noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi. “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən biri, Ricay Mirzəyevin həyatını xilas etmək mümkün olmamışdı.