Aralıq dənizi Universiteti (AU) Orqan Nəqli Mərkəzinin direktoru Prof. Dr. Ömər Özkan maraqlı açıqlamalarla gündəmə gəlib.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ö.Özkan yaxın illərdə insanların ölümsüz ola biləcəyini deyib.
“Bu günlərdə insan həyatı deyəndə 80-85 ili nəzərdə tuturuq. Ölümsüzlük axtarışında 30-dan 80-ə gəlib çatmışıqsa, yəqin ki, ömrü 100 ilə qədər uzatmağı da bacaracağıq. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üçün çalışırdılar. Hədəfimizi hər zaman ən yüksək səviyyədə saxlamalıyıq”, - deyə Ö.Özkan diqqətə çatdırıb.
Uğurlu transplantasiya əməliyyatları ilə dünya tibb tarixinə adını yazdıran Prof. Dr. Ömer Özkan Tibb İxtisas İmtahanında daha çox plastik cərrahiyyə sahəsinə üstünlük verildiyini və bunun trendə çevrildiyini bildirib. Onun sözlərinə görə, tibb fakültəsini bitirənlər daha çətin olduğu üçün beyin və ürək cərrahiyyəsi üzrə ixtisaslaşmağa üstünlük vermirlər.
Türkiyənin canlıdan orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən Prof. Dr. Ömer Özkan gələcəkdə beyin və baş transplantasiyasının mümkün olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb:
"Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir hədəfdir. Çox fantastik səslənir. Beyin transplantasiyası üçün bədənə ehtiyacımız var. Ona görə də, baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Biz iflic olan xəstələri sağaldanda bilin ki, baş transplantasiyası da mümkün olacaq".
Ö. Özkan təbabətin inkişafı ilə insanların ehtiyac duyacağı hər cür orqanın rəflərdə satışa hazır saxlanılacağını iddia edib.
"Təkərlər, maşınlar var idi, amma hər şey buxar maşınından sonra sürətlə irəlilədi. Tibbdə vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Ancaq bir gün görəcəksiniz ki, ürəyi sifariş edib quraşdırırsınız. Utopik görünə bilər, amma reallaşacaq", - deyə Ö.Özkan əlavə edib.
Gül