Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində hərbi attaşelik aparatı tərəfindən Novruz bayramı münasibətilə Türkiyədə müalicə alan və reabilitasiya prosesi keçən qazilər üçün Bursa şəhərində Novruz bayramı mərasimi təşkil edilib.
Medicina.az xəbər verir ki, bayram şənliyində Ankara, Kocaeli və Bursa şəhərlərində bərpa və müalicə prosesi keçən qazilərimiz, onların ailə üzvləri, onları müalicə edən həkimlər və digər tibb işçiləri, habelə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı Baş konsul Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Rəşad Məmmədov Novruz bayramının tarixçəsi və türk dünyası üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan artıq ikinci ildir ki, bu bayramı işğaldan azad olunan torpaqlarında qeyd edir. Bir azərbaycanlı olaraq qazilərimizin müalicəsinə dəstək verən “YAŞAT” Fonduna və onları müalicə edən tibb işçilərinə təşəkkürünü ifadə edən səfir, qazilərimizin tezliklə sağalaraq, vətənə dönmələrini diləyib.
Bursa valisinin müavini Süleyman Çelik, Bursa Bələdiyyə sədrinin müavini Halil Serdar Cevheroğlu, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər, Novruz adət-ənənələri, bu bayramın xalqlarımız üçün kəsb etdiyi əhəmiyyətdən danışıblar.
Tədbirdə iştirak edən qazilərimiz öz növbələrində həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik ediblər. Sağalaraq ayağa qalxacaqlarına böyük inam bəslədiklərini ifadə edən qazilərimiz hər zaman Ali Baş Komandanın əmrində olduqlarını, daima Vətənimizin müdafiəsində durmağa hazır olduqlarını deyiblər. /apa.az/