Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə ən çətin əməliyyatların edildiyi xəstəxananın baş həkimi: “Narkozdan ölüm mümkün deyil” - MÜSAHİBƏ

  • 2021.05.12 12:20
  • 10646 Baxış
Türkiyədə ən çətin əməliyyatların edildiyi xəstəxananın baş həkimi:  “Narkozdan ölüm mümkün deyil” - MÜSAHİBƏ
Başkent Universitetinin baş həkimi, məşhur anestezioloq, reanimatoloq, professor, Dr. Adnan Torgay Medicina.az saytına müsahibə verib.

Müsahibədə Dr. Adnan Torgay anesteziyanın fəsadlarından, risklərin minimuma endirilməsi üçün tətbiq olunan metodlardan, qaydalara hansı üsullarla əməl edilməsindən, bu sahədəki yeniliklər barədə ətraflı danışıb.

Həmin müsahibəni təqdim edirik:


-Doktor, Başkent Universitetində hansı ilklərə imza atmısınız?

-Başkent Universiteti Mehmet Haberalın öndərliyində qurulub. Onun rəhbərliyi ilə çalışmalara davam edirik. Cərrahiyyə şöbəsi vardısa, anesteziya da olmalı idi. Başkent Universiteti cərrahi əməliyyatlarla birlikdə anesteziya ilə bağlı da çalışmalara başladı. Mehmet bəylə Hacettepe Universitetində uzun müddət çalışmış müəllim Gülnaz Arslan Başkent Universitetinin ilk anestezioloqudur.

Başkent Universiteti dünyadakı bir çox işi ilk dəfə həyata keçirən qurumdur. Dünyada ilk qaraciyər nəqli edilən yerdir. Türkiyə dünyada ən uğurlu nəql edən üç ölkədən biridir. Mehmet Haberalın yaratdığı bir sistemlə bu yerlərə gəldiyimizi təkrar xatırlatmaq istəyirəm

Anesteziya son dərəcədə mürəkkəb bir işdir. Cərrahi məkan və anesteziya arasında kiçik bir pərdə vardır. Cərrahlar əməliyyat edərkən xəstənin bütün həyati funksiyaları anesteziyanın əlindədir. Anesteziyanın yeri həqiqətən də özəldir. Başkent Universitetinin ilk anesteziya mütəxəssisi, ilk uzmanıyam. Ankara universitetini bitirib həkim oldum, assestanlığa, uzmanlıq təhsilinə Başkentdə başladım. 27 ildir ki, buradayam. Belə bir yerdə çalışmaqdan qürur duyuram.

- Başkent Universitetindəki anesteziya digər xəstəxanalar, universitetlərdən, yaxud Almaniya və ya Amerikadakı anesteziyadan nə ilə fərqlənir?

- Dünyada elə əməliyyat yoxdur ki, Başkent Universitetində yüksək səviyyədə yerinə yetirilməsin. Başkent Universiteti dünyada bir çox ilkə imza atmış bir qurumdur. Burada nə dərman, nə həkim, nə də təhsil baxımından çatışmazlığımız var. Bundan 30-40 il əvvəl xaricə gedənlər olurdu. Amma indi belə bir ehtiyacımız yoxdur.

- Dünyada son anesteziya cihazları, dərmanları hansıladır? Hansılar tövsiyə olunur?

- Dünyanın ən son anesteziya cihazları bizdə var. Əgər ümumi anesteziya ediriksə, əməliyyat boyunca xəstənin nəfəsinə biz cavabdehik. Xəstəyə süni nəfəs veririk. Cihazlar və istifadə etdiyimiz dərmanlar çox önəmlidir. Dünyada hansı dərmanlar istifadə edilirsə, biz də onları istifadə edirik. Xəstənin vital bulqularını və hemodinemsini izləmək üçün istifadə etdiyimiz bəzi alətlər var. Bunlarla birlikdə anesteziyada daha az dərman istifadəsinə şərait yaradan texnologiyaya sahib olmağımız üstünlüyümüzdür. Son zamanlar anesteziya ilə bağlı önəmli olanlar bunlardır. Qaraciyər nəqli kimi əməliyyatlarda xəstəni daha yaxından izləyəcək özəl aparatlar və alətlər var. Bunlar problemləri görüb, eyni sürətlə düzəltməyimiz baxımından çox önəmlidir.

- Başkentə xaricdən nə qədər xəstə gəlir? Anesteziya verirsinizmi?

- Bu rəqəmlər dəyişir. Xaricdən gələn xəstələr fərqli olur. Cərrahi əməliyyat olan zaman mütləq anesteziya verilir. Amma cərrahi əməliyyat lazım olmayan xəstələr də var. Ümumi olaraq, gündə 10-a yaxın əcnəbi xəstə olur. Hazırda ən çox İraqdan xəstələr gəlir. Ürək xəstəliyi orada çox yayılıb. Amma transplantasiya əməliyyatı üçün xüsusən türk cümhuriyyətlərindən daha çox gəlirlər. Həmçinin Balkan ölkələrindən də xəstələr qəbul edirik. Afrikadan da xəstələrimiz olur. Türkiyə və Başkentin özəlliyi budur ki, Amerika və Avropada bu əməliyyatları eyni səviyyəli həkimlər, komandalar eyni ləvazimatlarla bizdən qat-qat baha qiymətə gerçəkləşdirirlər.

Türkiyəyə gələn hər xəstəni öz dostumuz, soydaşımız kimi qəbul edirik. Amerika və Avropadan başqa, insanlara belə bir xidmət vermək məncə, tibb üçün də önəmli bir qatqıdır.

- Başkentin reanimasiya səviyyəsi necədir?

- Başkent Universitetində 81 reanimasiya yatağımız var. Bunu müxtəlif bölümlər istifadə edir. Anesteziya bölümünün istifadə etdiyi yataq sayı 40-a yaxındır.

- Anesteziyanın yan təsirləri ilə bağlı miflər var. Hələ də buna inanırıq. Bundan qorunmaq üçün hansı üsullar mövcuddur?

- Əvvəllər anesteziya ilə bağlı qorxular çox idi. Sonradan texnologiya, dərmanlar, müalicələr dəyişdikcə azaldı. Günümüzdə normal bir insanın anesteziyadan ölməsi gözlənilmir. Bu mümkün deyil. Amma hər insanın metabolizması eyni deyil. Hər kəsin orqanizmi dərmanlara fərqli reaksiya verir. Statistikaya görə, bu ehtimal belə çox aşağıdır. Xəstəxanaya gələn xəstənin başqa problemləri ola bilər. Məsələn, 80 yaşında ayağını qırıbsa, onun kardioloji problemi ola bilər. Anesteziyanın işi bunu nöqsansız olaraq dəyərləndirib, ən düzgün anesteziya ilə işi görməkdir. Anesteziyada heç zaman risk yoxdur deyə bilmərəm. Biz bunu araşdırırıq, yoxlayırıq, xəstənin özünə və ailəsinə anesteziya baxımından qorxulu bir şeyin olmadığını deyirik. Və ya əksinə, deyirik ki, bu əməliyyat çox risklidir. Elə xəstə var ki, ağır vəziyyətdədir, amma əməliyyat riski çoxdur. Anesteziyanın işi var olan tibbi problemləri əskiksiz bilib, xəstəni yaxşılaşdırmaqdır. Anesteziyadan qorxmağa gəlincə, bunun beyinə heç bir təsiri yoxdur. İnsan 1-2 qədəh içib sərxoş olursa, anezteziyanın təsiri də bundan fərqli deyil. Amma bəzi xəstəliklər var ki, beyində bir sıra problem başlaya bilər. Məsələn, yaşlı, altsheymer başlamış xəstələrə təsiri başqadır. Bəzilərində heç bir təsiri olmaz, bəzilərində bu müddət bir az tezləşər. Amma normal bir insan anesteziya aldığı zaman hərəkətlərində, gündəlik həyatında hansısa problem olmaz.

- Bəzən deyirlər ki, anezteziyanı bədəndən atmaq üçün nəsə edilməlidir. Çox su içmək və s. Bu düzgündürmü?

- Anesteziyada istifadə edilən dərmanların bir hissəsi qaraciyərdə metabolizə edilir. Bir hissəsi də öz-özünə qanın içərisində (enzimlərlə) parçalanır, xaric edilir. Bir də istifadə etdiyimiz qazlar var. Onların da böyük hissəsi ağciyərlərdən atılır. Yəni özəl bir şey etməyə gərək yoxdur. Bədən onsuz da özü həll edəcək. İstifadə etdiyiniz dərmanlardan asılı olaraq, məsələn, ağızdan alınan aneztezik dərmanların atılması hava yolu ilə ağciyərdən olduğu üçün yaxındakılar ertəsi gün bəzən kiçik qoxular hiss edə bilər. Bunun heç bir mənası, təsiri yoxdur. Əksinə, bədəndən uzaqlaşdırılır. Bəzilərinin xaric edilməsi 1-2 gün uzana bilər.

- Deyirlər, xəstə əməliyyatdan sonra qusmalıdır. Bu doğrudurmu?

- Bu, istifadə etdiyimiz dərmanlar və əməliyyata bağlı olaraq rast gəlinən haldır. Əslində xəstələrin qusmasını istəmirik. Tutaq ki, qarnınızdan əməliyyat olundunuz, bu zaman qusduğunuz halda qarnınıza güc düşər, tikişlər açıla, problem yaşana bilər. Bizim məqsədimiz xəstənin qusmamasıdır. Bəzi əməliyyatlarda, xüsusən doğuş əməliyyatlarından sonra qadınların qusma ehtimalı daha çoxdur. Bunun üçün tədbirlərimizi əvvəlcədən görürük.

- Uşaq anesteziyasının fərqi nədir?

- Uşaqlar tamamən fərqli metabolizmaya sahibdir. Onların anesteziyası çox fərqlidir. Uşaqlarda ürəkdən ağciyərlərə qədər bütün metabolik dövr fərqlidir. Tam olaraq uşağa uyğun düşünmək və davranmaq lazımdır. Bunun özünə xas, spesifik xüsusiyyətləri vardır. Uşaq anesteziyası özəl bir anesteziyadır. Böyüklərdə istifadə etdiyimiz dərmanlar dəyişdiyi kimi, uşaqlar üçün istifadə edilən dərmanlar da dəyişib.

- Əməliyyatda xəstələrin ölüm statistikası necədir?

- Əməliyyatdan əvvəl xəstəni araşdırırıq, yaxınlarına məlumat veririk. Məsələn, deyirik, bu xəstə mütləq əməliyyat olunmalıdır, amma 10 faiz ölüm ehtimalı var. Bununla bağlı dünyada hesablama sistemi mövcuddur. Xəstənin ciddi ürək, böyrək, qaraciyərində problemi varsa, cüzi bir müdaxilə etdikdə, çox ciddi nəticələr ola bilər. Biz bunu başa salırıq. Xəstəni, yaxınlarını aldatmaq olmaz. Əməliyyatda heç nə olmaz deyə bilməzsiniz. Hər zaman nəsə ola bilər. Normalda xəstə anesteziyadan ölməməlidir. Amma risk qrupu vardır.

- Son aylarda ən riskli xəstəniz hansı olub?

- Açığı, son zamanlar pərişan olduğumuz hansısa bir hadisə olmayıb.

- Qaraciyər köçürülməsində xəstə anesteziyada 8-10 saat qalır. Neçə dəfə ona dərman verirsiniz?

- Xəstə əməliyyata alındıqda öncə yaddaşını aradan qaldırırıq. Xəstəni yavaş-yavaş yatızdırırıq. Yatdıqdan sonra hazırlıqlarımızı görürük. Ondan sonra əməliyyat 1 və ya 11 saat da davam etsə, sürətli bir şəkildə dərman veririk. Dərmanı kəsdikdən qısa müddət sonra xəstəni ayıldacaq şəkildə dərman veririk. Əməliyyatın gedişatına görə bu dərmanın dozasında artım və ya azalmalar edirik.

- Bir insan həyatı boyu neçə dəfə narkoz ala bilər?

- Əvvəllər “haliotan” deyilən bir dərman var idi. Hazırda da dünyanın bir çox yerində istifadə edilir. O dərman qaraciyərdə mənfi təsirlər yaradırdı. Müəyyən bir müddətdən sonra xəstə yenidən əməliyyat olunacaqdısa, 2-ci dəfəki əməliyyatda daha böyük təsir buraxırdı. Uzun müddətdir bu dərmanı istifadə etmirik. Müasir dərmanlar əməliyyatda lazımi zamanda istifadə edilir. Heç bir yan təsiri yoxdur.

- Lokal və ümumi anesteziya bir-birindən çox fərqlənir. Amma indiki zamanda dünyada necədir? Siz hansını daha çox istifadə edirsiniz?

- Əməliyyat olunacaq yerə bağlı olaraq, cərrahla birlikdə bu qərarı veririk. Çünki elə bir yer var ki, məsələn, ayaqda əməliyyat ediləcəksə, bunu lokal anesteziya ilə edə bilərik. Amma qarın içərisində bir əməliyyat ediləcəksə, bunu lokal olaraq etmək çox zaman mümkün olmur. Çünki qarın içərisində çalışarkən əzələlərin rahatlaması lazımdır. Bəzi əməliyyat lokal anesteziyaya imkan verir. Çünki xəstənin oyanması, yatması kimi problem yoxdur. Xəstəni rahatladırıq, çünki əməliyyat otağında olmaq çətin və stresslidir. Amma bəzi əməliyyatları lokal olaraq etmək mümkün deyil.

- Doktor, Bakıda uşaqların yuxuda dişlərinin çəkilməsi və s. kimi əməliyat edilir. Buna münasibətiniz necədir?

- Uşaq ağzını açıb, müalicəsini qəbul etmirsə, o zaman yatızdırmaq lazımdır. Çünki diş sağlamlığı çox önəmlidir. Dişdə yaranan çürüklər o qədər ciddi problemlərə yol aça bilər ki... Beyində infeksiyalara qədər gedib çıxa bilər. Uşaq üçün bu cür əməliyyatarın heç bir ziyanı yoxdur. Valideynlərin üzərinə düşən əsas vəzifə uşaqların diş sağlamlığına diqqət etməkdir.

- İnsanlar anesteziyadan oyandıqdan sonra deyirlər, yuxu gördüm, həkimlərin nə dediyini eşitdim və s. Sizin xəstələrinizdə belə qəribə hadisələr olurmu?

- Xəstələri yatızdırdığımız dozalarda onların yuxu görməsi mümkün deyil. Yuxu görməsi üçün 2 növ var. 1. Yavaş yuxu, 2. Rem - sürətli göz hərəkətlərinin olduğu müddət. Sürətli göz hərəkətlərinin olduğu müddətdə insanlar yuxu görər. İstifadə etdiyimiz dərmanların dozası onların bu yuxusuna əngəl olar. Heç nə görməz, sadəcə yatdıqlarını və oyandıqlarını görərlər. Amma əməliyyat olunacaq insanların ən böyük qorxusu budur ki, görəsən mən ağzımdan nəsə qaçırarammı? Yəni yaxşı və ya pis nəsə deyərəmmi? Belə bir şey mümkün deyil. Bizim anesteziya verilməsi texnikasında xəstənin hansısa dialoqu, söhbəti, ağzından istəmədiyi bir sözün çıxması mümkün deyil. Tamamilə, yuxu daxil olmaqla, beynini qapadırıq. Xəstə oyandığı zaman ona əməliyyat olunduğunu deyirik. Onsuz da saniyələr sonra əməliyyatı hiss etməyə başlayır. Bir insan əməliyyat oldu deyə ağrı çəkməli deyil. Ağrının olmaması da anesteziyadan asılıdır. Yəni bir xəstə əməliyyat olduğu günün axşamı rahatlıqla öz serialını izləyə bilər.

- Sizdə ürək köçürülmə əməliyyatı varmı?

- Bəli, ürək nəqli əməliyyatı var. Qaraciyərinizi başqa bir qohumunuza verə bilərsiniz. Amma ürək nəqli üçün bir insan həyatını itirəndən sonra o insanın ailəsi bunu başqa birinə bağışlamalıdır.

Ürək nəqli sayı yetərincə, istədiyiniz sıxlıqda olmur. Buna ehtiyacı olan çox xəstə var. Bu xəstələrin ürəkləri o qədər zərər görür ki, artıq kiçik hərəkətlərdə belə ölümlə qarşılaşırlar. O zaman süni ürək taxılır. Araşdırılır, bir çox növləri var. Ürək tamamən dəyişə bilər. Bizim xəstəxanamızda bu əməliyyat uğurla həyata keçirilir.

- Doktor, sonda nə demək istərdiniz?

- Anesteziyanın çalışması üçün mükəmməl bir reanimasiyaya ehtiyac var. Çünki elə hallar var ki, dediyim kimi, çətin xəstələrdir. Bizim xəstəxana ən çətin əməliyyatların edildiyi xəstəxanadır. Türkiyənin hər yerindən müalicə üçün insanlar gəlir. Bizim mükəmməl, nöqsansız reanimasiyamız var. Bu baxımdan qürur duyuram. Anesteziya reanimasiyanın ən önəmli parçalarındandır.

- Azərbaycandan həkimlər gəlib, sizin komandanızda təcrübə keçə bilərlərmi?

- Əlbəttə, gələ bilərlər. Azərbaycanlı bir qardaşımız burada anesteziya təcrübəsi keçib, başqa bir yerə getdi. Burada əcnəbi həkim imtahanı var. Özəl bir imtahandır. Bizdə və ya başqa xəstəxanada uzmanlaşa bilərlər.





Aygün Musayeva