Səfirlik pasport vermək üçün şərt qoydu, xəstəxana borc yazır.
Azərbaycanlı ailə Türkiyədə köməksiz qalıb.
Medicina.az-ın istiPress-ə istinadən məlumatına görə, Marmarisdə çalışan ərinin yanına gedən azərbaycanlı qadın 700 qram çəkisi olan uşaq dünyaya gətirib.
Nərmin Həsənli adlı qadının əri 5 il öncə işləmək üçün Türkiyəyə gedib. Rauf Həsənli turizm şirkətlərindən birində işə başlayıb və ailəsini də yanına aparıb. İş icazəsi olan Rauf Həsənlinin həyat yoldaşı bir müddət sonra hamilə qalıb.
Lakin hamiləliyin 6-cı ayında ananın səhhətində qəfil problem yaşanıb. Qadın dərhal Marmaris Dövlət xəstəxanasına aparılıb. Həkimlər iki saat ərzində müdaxilə olmayacağı təqdirdə ana və körpəni itirə biləcəklərini deyiblər. Amma bu zaman hamilə qadına təcili yardım edə biləcək xəstəxana tapılmayıb. Gənc qadın dərhal Dənizlidəki xəstəxanaya aparılıb. Burada o 700 qram çəkisi olan qızını dünyaya gətirib.
Dərhal küvöza qoyulanuşağın 28 günlük xərcləri sığorta şirkəti tərəfindən qarşılanıb. Lakin sonradan müalicənin davam etdirilməsi üçün uşağın pasportunun gərəkdiyi bildirilib. Ailə vaxt itirmədən Ankaraya - Azərbaycan səfirliyinə yollanıb. Lakin eşitdikləri cavab onları qane etməyib. Səfirlikdən ailəyə bildirilib ki, uşaq Ankaraya gətirilməlidir. Əks halda 3 aydan tez pasport verilə bilməz. 700 qram çəkisi olan Arzu adlı körpənin pasport problemi ilə bağlı olaraq müalicəsində də ləngimə yaşana biləcəyindən ehtiyat edən ailə isə çarəsiz qalıb.
Xəstəxanadan aldıqları cavab isə ailəninin vəizyyətini daha da pisləşdirib. Belə ki, Dənizli Dövlət Xəstəxanası pasportu olmayacağı halda uşağın müalicə xərclərinin gündəlik 800 lirə (430 manat civarında) olacağını bildirib.