Əqrəb sancmaları halları zamanı istifadə edilən əqrəb zəhəri əleyhinə zərdabı (antidot) 1950-ci ildən istehsal edən Türkiyə hazırda ixraca hazırlaşır.
Medicina.az xəbər verir ki, Türkiyədə ildə təxminən 20 min əqrəb sancması hadisəsi olur və müalicəsində bu zərdablardan istifadə edilir.
Ankara Xalq Sağlamlığı Ümumi Müdirliyinin zərdab əleyhinə istehsal laboratoriyasında 14 nəfərlik bir qrup çalışır.
Şanlıurfa və Diyarbəkirdən toplanaraq gətirilən canlı əqrəblərə laboratoriyada uyğun yaşayış şəraiti təmin edilir, onlara elektrik şoku verilərək zəhərlər alınır. Polatlı rayonundakı müəssisədə zəhər peyvənd halına salınıb porsiyalaşdırıldıqdan sonra zərər verməyəcək dozalarda atlara tətbiq edilir. Sonra atlardan bu zəhərlərə qarşı əmələ gələn qoruyucu anticisimlər toplanaraq təmizlənir. Keyfiyyətə nəzarət testlərindən sonra isə istehsal olunan zərdablar insanlarda əqrəb zəhərlənməsinə qarşı istifadə üçün Səhiyyə Nazirliyinə təhvil verilir.
Xalq Sağlamlığı Ümumi Müdirliyinin Bioloji Məhsullar Laboratoriyasından məsul baytar həkim Mehmet Ali Kanat bildirib ki, istehsal etdikləri zərdab müxtəlif əqrəb növlərinə qarşı təsirlidir.
“Dünyadakı digər məhsullara nəzər salsanız görərsiniz ki, bizim məhsullar həm effektivliyi, həm də təmizliyi baxımından onlardan çox irəlidədir və bunu Avropa da görüb, buna görə də tələb edirlər. Avropaya ixraca başladıqdan sonra hədəfimiz Şimali Afrika olacaq. Ərəbistan bölgəsi, Suriya, İraq bölgəsinə də ixrac edə bilərik. Çünki zərdabımız oralardakı əqrəblərin törətdiyi bütün hallara qarşı təsirlidir”, - deyə baytar həkim vurğulayıb.
Aysel