Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Toyuq korluğu" – Hemeralopiya: Yaranma səbəbi, müalicəsi, risk faktorları

  • 2019.09.18 13:14
  • 22934 Baxış
"Toyuq korluğu" –  Hemeralopiya: Yaranma səbəbi, müalicəsi, risk faktorları

El arasında "Toyuq korluğu", tibbdə isə hemeralopiya kimi tanınan bu xəstəlik, gecə görmə qabiliyyətinin azalması deməkdir. Medicina.az xəbər verir ki, hemeralopiya – zəif işıqlandırılma şəraitinə görmə adaptasiyasının pozulması ilə xarakterizə olunan oftalmopatologiyadır. Hemeralopiya zamanı axşam saatlarında görmə qabiliyyəti zəifləyir, məkan qavrayışı və işıq duyğusu ilə bağlı problemlər meydana çıxır, görmə sahəsi daralır. Müayinə prosesində vizometriya, axromatik və rəngli perimetriya, oftalmoskopiya, Qoldman linzası ilə biomikroskopiya, adaptometriya, elektroretinoqrafiya, optik koherent tomoqrafiya və s. aparılır. Anadangəlmə hemeralopiya sağalmaz xəstəlikdir; patologiyanın simptomatik formasında vitamin kompleksləri təyin edilir, torlu qişanın və görmə sinirinin ilkin patologiyası müalicə olunur.


 


Hemeralopiya – Niyə "Toyuq korluğu”?

Hemeralopiya (toyuq və ya gecə korluğu) toran düşəndə görmə qabiliyyətinin kəskin dərəcədə pisləşməsi ilə səciyyələnir. Patologiyanın xalq arasında  "toyuq korluğu” kimi tanınması xəstəliyin əlamətlərinin qaranlığa çətinliklə uyğunlaşan toyuqların görmə xüsusiyyətləri ilə bağlıdır. Torlu qişa gözün reseptor aparatını əmələ gətirən işığa həssas hüceyrələrdən – çöplər və kolbacıqlardan ibarətdir. Çöplərin köməyilə obyektin ağ-qara görüntüsü, toranlıqda görmə, kolbacıqlar vasitəsilə isə  gündüz saatlarında rəng duyğusu təmin olunur. Torlu qişada orta hesabla 110–125 milyon çöplər, 6-7 milyon isə kolbacıqlar yerləşir. Onların normal nisbəti 18:1 təşkil edir. Torlu qişanın çöpşəkilli hüceyrələrində olan görmə piqmenti – rodopsin gecə görməsinə cavabdehlik daşıyır. İşıqda bu piqment parçalanır, qaranlıqda isə A vitaminin iştirakı ilə bərpa olunur. Rodopsinin sintezi enerji ifrazı ilə müşayiət edilir. Həmin enerji elektrik impulslarına çevrilərək, görmə sinirləri ilə baş beyinə ötürülür. Bu mexanizm çöplərin normal fəaliyyətini və gecə görməsini təmin edir. Çöplər və kolbacıqların nisbətinin pozulması, rodopsinin çatışmazlığı zamanı hemeralopiya inkişaf edir – zəif işıqlandırılma şəraitində görmə itiliyi zəifləyir, gündüz saatlarında isə normal olur. Oftalmologiyada hemeralopiyanın 3 növü ayırd edilir: anadangəlmə, simptomatik və essensial.


Hemeralopiyanın yaranma səbəbləri

Anadangəlmə hemeralopiya irsi xarakter daşıyır. Anadangəlmə toyuq korluğuna Aşer sindromu, piqmentli retinitin irsi forması və irsən ötürülən digər patologiyalarda rast gəlinir. Hemeralopiyanın simptomatik forması aşağıdakı oftalmoloji patologiyalar fonunda inkişaf edir: qlaukoma, yüksək dərəcəli miopiya, retinopatiya, torlu qişanln ayrılması, katarakta, xorioretinir, görmə sinirinin atrofiyası, sideroz, gözün şüa yanıqları (fotooftalmiya) və s. Essensial və ya funksional hemeralopiya orqanizmdə A, B2, PP vitaminlərinin kəskin çatışmazlığı və ya ümumən olmaması nəticəsində yaranır. Hipo və avitaminoza qaraciyər xəstəlikləri, qanazlığı, həddindən artıq arıqlama, şəkərli diabet, alkoqolizm, qida maddələrinin sorulma proseslərinin pozulması ilə müşayiət olunan MBT xəstəlikləri (xroniki qastrit, enterit, kolit və s.), retinolun antaqonistləri (xinin) ilə müalicə zamanı rast gəlinir. Keçirilmiş infeksiyalar (herpes, məxmərək, qızılca, suçiçəyi), menopauza, pəhriz hemeralopiyanın təkanverici amillərindən hesab olunur. Hipovitaminozun formalaşmasından toyuq korluğunun inkişafına qədər təxminən 2 il keçə bilər. Belə ki, A vitaminin ehtiyatları orqanizmə 1 il müddətində kifayət edir. Hemeralopiyanın formasından asılı olmayaraq, qaranlıqda görmə qabiliyyətinin pisləşməsi eyni mexanizmlə – torlu qişanın çöpşəkilli hüceyrələrində rodopsin piqmentinin sintezinin pozulması ilə bağlıdır.


 

 


Hemeralopiyanın əlamətləri

Anadangəlmə hemeralopiya erkən uşaqlıq dövründə təzahür edir, bu zaman görmənin davamlı zəifləməsi müalicəyə tabe olmur. Hemeralopiya axşam saatlarında və qaranlıq məkanda görmə itiliyinin azalması, vizual diskomfortla özünü büruzə verir. Hemeralopiyalı insan zəif işıqlandırılma şəraitində məkan qavrayışını itirir, ətrafdakı əşyaları seçə bilmir. Gündüz vaxtı isə heç bir narahatçılıq yaranmır. Bundan əlavə gözlərdə quruluq və yad cisim hissi («qum dənələri») əmələ gəlir. Patologiyanın rast gəlindiyi uşaqlar qaranlıqdan qorxduqlarından, toran düşəndə ağlamağa başlayırlar. Hemerolopiya görmə sahəsinin daralması, sarı və göy rəngləri ayırd etmə qabiliyyətinin zəifləməsi ilə müşayiət olunur. Essensial hemeralopiya zamanı konyunktivada kserotik İskerski-Bito lövhəcikləri – göz yarığının hüdudları daxilində yerləşən yastı quru ləkələr formalaşır. Oftalmoloji simptomlarla yanaşı dəri örtükləri və selikli qişanın quruluğu, bədəndə hiperkeratoz sahələrinin yaranması, dərinin qabıqlanması və cızılması, diş ətinin qanaması müşahidə edilir.

 

Hemeralopiyanın diaqnostikası

Toranlıqda görmə pisləşdikdə oftalmoloqun müayinəsindən keçmək lazımdır. Diaqnostika prosesinə vizometriya ilə başlanılır. Bu üsulla görmə itiliyi təyin olunur. Essensial hemeralopiya zamanı görmə qabiliyyəti əksər hallarda dəyişmir. Axromatik və rəngli perimetriya görmə sahəsinin konsentrik daralmasını, Purkinye fenomeninin pozulmasını aşkar etməyə imkan verir. Hemeralopiyanın müxtəlif formalarının oftalmoloji şəkli özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, essensial hemeralopiyada göz dibi normada olur. Digər formalarda isə toyuq korluğuna gətirib çıxaran spesifik dəyişikliklər qeydə alınır. Anadangəlmə hemeralopiyada oftalmoskopiyanın köməyilə torlu qişada kiçik ölçülü, girdə formalı degenerasiya ocaqları müəyyən olunur. Qaranlığa uyğunlaşmanı təhlil etmək üçün adaptometriya aparılır. Torlu qişanın funksional vəziyyəti elektroretinoqrafiya və digər elektrofizioloji müayinələrlə qiymətləndirlir. Simptomatik hemeralopiyanın etiologiyasını aydınlaşdırmaq məqsədilə tonoqrafiya, refraktometriya, Qoldman linzası ilə biomikroskopiya, optik koherent tomoqrafiya icra edilir. Diaqnostika prosesinə qatsroenteroloq, endokrinoloq cəlb oluna bilər.


Hemeralopiyanın müalicəsi

İrsi patologiya ilə assosiasiyalı anadangəlmə hemeralopiya sağalmaz xəstəlikdir. Bu tip şəxslərdə toranlıqda görmənin davamlı zəifləməsi müşahidə edilir. Qazanılmış formalarda isə qaranlığa uyğunlaşmanın pozulmasına səbəb olan amillər aşkarlanılır və aradan qaldırılır. Miopiya fonunda yaranan hemeralopiya zamanı eynək və ya kontakt linza təyin olunur, yaxından görmənin lazer korreksiyası, refraksion əməliyyatlar (skleroplastika, büllurun əvəzlənməsi və s.) aparılır. Qlaukoma və ya katarakta mənşəli hemeralopiyalarda bu xəstəliklərin cərrahi müalicəsi (antiqlaukomatoz əməliyyat, kataraktanın ekstraksiyası və ya fakoemulsifikasiyası) tələb olunur. Torlu qişanın ayrılması lazer koaqulyasiyasına göstəriş sayılır. Xəstəliyin essensial formasında ilk növbədə qidalanma normaya salınır: gündəlik rasion retinol və karotinlə zəngin məhsullarla (kərə yağı, treskanın qaraciyəri, pendir, süd, yumurta sarısı, kök, ispanaq) zənginləşdirilir. Vitamin tərkibli göz damcıları təyin olunur. Riboflavin, A vitamini, nikotin turşusu daxilə qəbul edilir. Yuxarıda qeyd olunanlarla yanaşı MBT xəstəlikləri və şəkərli diabetin müalicəsi (insulinoterapiya, qanda qlükoza səviyyəsinə nəzarət) aparılmalıdır.


Hemeralopiyanın proqnoz və profilaktikası

Simptomatik hemeralopiya qaranlığa uyğunlaşmanın bərpası və ya görmə funksiyasının itirilməsi ilə nəticələnə bilər. Proqnoz əsas xəstəliyin ağırlığından asılıdır. Funksional forma müalicəyə asan tabe olur. Onun gedişi qənaətbəxş sayılır – toranlıqda görmə tam şəkildə bərpa olunur. Hemeralopiyalı pasiyentlərdə çox vaxt qaranlıqdan qorxma yaranır. Bu da fobiya, sayrışan hallar və psixi pozğunluq kimi təzahür edə bilər. Patologiyanın profilaktikası orqanizmin lazımı vitaminlərlə təmin olunmasına və torlu qişanın müdafiəsinə yönəldilir. Bu məqsədlə qidalanma rejiminə fikir verilməli, günəşli havada və zərərli şüalanma şəraitində işlədikdə qoruyucu eynək taxılmalı, yanaşı gedən patologiyalar müalicə olunmalıdır. Hemeralopiyalı şəxslər flüoressent lampalardan istifadə etməməlidir. Yüngül dərəcəli miopiyası olan uşaqların axşam saatlarında eynək taxması məsləhət görülür.
"Toyuq korluğu" –  Hemeralopiya: Yaranma səbəbi, müalicəsi, risk faktorları
"Toyuq korluğu" –  Hemeralopiya: Yaranma səbəbi, müalicəsi, risk faktorları