Hazırda onkoloji xəstələrin qəbul etdiyi "ağıllı dərman" və immunoterapiya ən bahalı müalicələrdəndir.
Bəzən xəstələr bu terapiyaları qarışdırır. Bunlar bir-birinə bənzər terapiyalar olsa da, dərman və təsir mexanizmləri fərqlidir.
Bakupost.az-a açıqlamasında həkim onkoloq, kimyaterapevt Pərvanə Rüstəmova immunoterapiyanın təsirindən danışıb.
O qeyd edib ki, immunoterapiya xəstənin immun sistemini aktivləşdirməklə öz qoruyucu mexanizmi ilə xəstəliyə qalib gəlməsinə kömək edir:
"Adətən, şiş hüceyrələrinin ifraz etdiyi maddələrin təsirindən immun sistem zəifləyir, sıfıra enir və xərçəng hüceyrələri yayılırdı. İmmunoterapiya artıq immun sisteminin ölməsinə, sönməsinə imkan vermir. Bundan sonra xəstədə şişin geriyə inkişafı, kiçilməsi, bəzi hallarda yox olması baş verə bilir. Bu terapiya əslində XIX əsrdən müxtəlif formalarda, müxtəlif adda dərmanlarla başlanmışdı. Lakin öz parlaq dövrünə 2000-ci illərdə gəlib çatdı".
Pərvanə Rüstəmova bildirib ki, immunoterapiyada istifadə etdiyimiz dərmanlar xəstələrə və şişin olduğu orqana görə dəyişə bilir:
"Bu əsasən, kiçik hüceyrıli və qeyri-ağciyər xərçəngində, böyrək, sidik kisəsi, süd vəzi, melanoma, yoğun bağırsağın bəzi şişlərində uğurla istifadə olunur. Xüsusən melanoma və ağciyər xərçəngində kimyaterapiyasız, tək immunoterapiya ilə tam müalicə mümkündür. İlk başladığı dövrdə immunoterapiya 3-4-cü dərəcədə, ağır, artıq yayılmış metastazlı xəstələrdə istifadə olunurdusa, bu gün dünyada qida borusu, mədə, ağciyər, melanoma xərçəngində, mədəaltı vəzlərdə ilkin birinci nəsil müalicə kimi başlayır. Xəstənin dərmanı alıb özbaşına müalicəyə başlaması yolverilməzdir. Bu, mütləq peşəkar onkoloq nəzarətində aparılmalıdır. Ciddi yan təsirləri var. Son elmi araşdırmalar göstərir ki, üçlü neqativ süd vəzi xərçəngində faydası yaxşıdır. Bu dərmanlar əməliyyat, şüa və kimya terapiyasını əsla əvəz etmir".
Mütəxəssis hesab edir ki, xəstəni onkoloq dəyərləndirməli, onun müalicəsində immunoterapiyaya ehtiyac olub-olmadığına o qərar verməlidir:
"Elə xəstə var genetik dəyişikliklər baş verib, o, müalicədən fayda görə bilməz. Dərman alsa, bu, sadəcə pul itkisidir.
Bəzi növ şişlərdə birbaşa müalicə məhz immunoterapiya ilə başlaya bilər. Təəssüf ki, bu dərmanlar çox bahalıdır. Çünki onların hazırlanması yüksək maliyyə tələb edir. Bizdə dərmanları xəstə öz vəsaiti hesabına alır. Çox güman ki, aktrisa Tünzalə xanıma da immunoterapiya aparılır. Uşaqlıq boynunun metastaz vermiş şişlərində immunoterapiya istifadə edilir. Bu, xəstənin yaşam müddətini uzada bilər. Tam sağaltmasa da, yaşama şansı yüksəlir".
Aygün Musayeva,
BakuPost