İnternetdəki sorğulara əsasən, bir çox insan əsasən qaraciyəri bərpa etməyin, orqanizmi təmizləməyin yollarını axtarır və bunun üçün bir sıra xalq təbabəti üsullarına müraciət edir.
Ancaq həkimlər xəbərdarlıq edirlər ki, bu vəziyyətdə işlərin daha da pisləşməsi riski var.
Orqanizmi və qaraciyəri təmizləyən ən məşhur təbii vasitələr arasında yağ və limon şirəsi yer alır.
İnsanlar təbii vasitələrlə toksinlərdən təmizləndikdən sonra özlərini daha yaxşı hiss etdiklərini bildirirlər.
Medicina.az xəbər verir ki, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor Oksana Drapkina özünün “Telegram” kanalında xalq təbabəti üsullarının təhlükələrindən bəhs edib.
O bildirib ki, bir çox insan “şlak”ları atdığını zənn edir, ancaq bədəndən atılan çox vaxt yağ, şirə və həzm fermentlərinin qarşılıqlı təsirinin nəticəsində yaranan maye olur.
“Həddindən artıq miqdarda yağın ürəkbulanma və ishala səbəb ola biləcəyini başa düşmək lazımdır. Hətta bu, biliyer kolikə səbəb ola bilər. Bu zaman mütləq təcili tibbi yardıma müraciət etmək lazım gələcək.
Limon şirəsinə gəldikdə isə, o, qastritin kəskinləşməsinə gətirib çıxarır”, - Əməkdar həkim qeyd edib.
Oksana Drapkina əlavə edib ki, qaraciyər özünü bərpa edə bilir. Ona görə də əlavə məhsullarla onu təmizləməyə çalışmaq lazım deyil:
“Ancaq alkoqoldan imtina edərək ona kömək etmək vacibdir. Qidaya gəlincə, pəhrizinizdə yağlı, şəkərli və qızardılmış qidaları məhdudlaşdırmaq yaxşı təsir edəcək. Bundan əlavə, menyuya daha çox mövsümi meyvə və tərəvəz əlavə edin. Bunlar "orqanizmi təmizləmək" üçün sadə və təhlükəsiz yollardır”.
Professor bu baxımdan bədən çəkisini nəzarətdə saxlamağın da vacibliyini qeyd edib.
Aysel