Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tibbi sığorta ilə göz əməliyyatında hansı linzalar qoyulur?

  • 2024.04.16 15:17
  • 1017 Baxış
Tibbi sığorta ilə göz əməliyyatında  hansı linzalar qoyulur?

Katarakta əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

2023-cü il ərzində 35 791 sayda katarakta əməliyyatı icra olunub ki, bunların 28 619-u özəl, 7 172-si dövlət tibb müəssisələrinin payına düşür.



"Medicina" xəbər verir ki, katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil.


Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır.

Amerika Birləşmiş Ştatları istehsalı olan “göziçi linzalar” da sığorta ilə təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları zamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə, Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.

Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər.



Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.