Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal həcmi gündəlik təqribən 90-100 min olacaq. Tədricən maksimal istehsal gücü gündəlik 200 minə çatacaq. Bu, Azərbaycanın gündəlik tələbatını ödəyən bir rəqəmdir.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, iqtisadi hesablamaların nəticəsində məlum olub ki, fevral ayında maskalara ən çox ehtiyac olduğu kulminasiya günlərində 200 min tibbi maska satılıb: "Yerdə qalan digər günlərdə isə satış 90-120 min olub".
İ.Məmmədov bildirib ki, tibbi maska istehsal etməklə yanaşı həm də idxal edəcək:
"Bilirsiniz ki, Azərbaycana tibbi maska da idxal edilir. Depolarda kifayət qədər tibbi maskalar var, xüsusilə ehtiyatda da saxlanılır. Ona görə də idxal və depolardakı ehtiyat da saxlanılmaqla gündəlik 200 min tibbi maska istehsal edəcək".
Nazirlər Kabinetinin sözçüsü Azərbaycanda istehsal olunacaq tibbi maskaların qiyməti haqqında da danışıb. O vurğulayıb ki, tibbi maskaların qiymətlərinə nəzarət üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı var:
"Bu sərəncamın əsasında tapşırılıb ki, bu dövrdə iqtisadi sabitlik və istehlak bazarında qiymətlərə nəzarət qorunmalıdır. Ona görə də tibbi maskaların qiyməti ilə bağlı məsələlər diqqətdədir. Prezidentin bu məsələdə siyasi iradəsi belədir ki, əhalinin infeksiyadan təhlükəsizliyi maksimum təmin olunmalıdır, iqtisadi sektorlara və iqtisadiyyata dəyən ziyan minimallaşdırılmalıdır və sosial müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsi təmin olunmalıdır".