İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb.
Medicina.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb.
Vətəndaşlar üçün tibb xidməti daha çevik və əlçatan etmək üçün TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.
May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Artıq Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb.
Elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun, TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC-nin, Azərbaycan Respublikasının Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi, Elm və təhsil nazirliklərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeyd edib. O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən danışıb.
“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub.
Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub. Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır” - deyə Vüqar Qurbanov qeyd edib.
Digər çıxışçılar da qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dövlət siyasətinin prioritetlərindən olduğunu və bu sahədə son illərdə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıblar. Onlar yeni təqdim olunan elektron tibbi arayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edib və xidmətin vətəndaş məmnunluğunun artırılmasında dönüş yaradacağına əminliklərini ifadə ediblər.
Sonra "Rəqəmsal Tibbi Həllər" MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Tibbi arayışların elektron tərtibatı, eləcə də onların elektron formada necə əldə olunması qaydasına dair geniş məlumat verib.
Qeyd olunub ki, elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.
Elektron tibbi arayışların əldə olunması ilə bağlı TƏLİMAT
- İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış
- Sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış
Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:
• Tibb müəssisəsinə ilkin müraciət
• Laborator analizlərin verilməsi
• Həkim qəbullarından keçmək
• Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
• Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi
Daha sonra:
- İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
- “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
- Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Brifinq media nümayəndələrinin aidiyyəti üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.