Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin, alimlər yetişdirən elm ocağıdır.
Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verir.
Son illər universitetdə bir çox mühüm yeniliklər edilib, uğurlu islahatlar aparılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli deyir ki, Azərbaycanın aparıcı Tibb Universiteti həmişə ölkənin qabaqcıl universitetlərindən biri olub və indi də belədir. ATU-nun hazırladığı tələbələr bu gün bir çox tibb müəssisələrində həkim kimi çalışır və əhaliyə yardım göstərir. Onun sözlərinə görə, ATU-ya rektor təyin edildikdən sonra o, universitetdə köklü dəyişiklik, inqilabi yeniliklər etməyib. Sadəcə bu günə qədər olan mövcud iş, mövcud istiqamətlər daha da genişləndirilib, dərinləşdirilib: "Bizim əsas məqsədimiz Azərbaycan Tibb Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkan yaratmaq, onların daha çox faydalı bilik, o cümlədən, praktiki bacarıq əldə etməsinə yardım etməkdir. Bu və nəzərdə tutduğumuz digər islahatları reallaşdırmaq üçün əvvəlcə bir sıra sənədlər qəbul edilib. ATU-nun Nizamnaməsi qəbul edilib və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Azərbaycan Tibb Universitetinin Klinikaları haqqında əsasnamələr qəbul olunub. Digər sənədlər arasında Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə, ATU-nun müxtəlif kafedralarında fəaliyyət göstərən laboratoriyaların əsasnamələrinin qəbulunu göstərmək olar. Eləcə də kafedraların tədris proqramlarını inkişaf etmiş ölkələrin tədris proqramlarına uyğunlaşdırmaq məqsədilə bu il ərzində ATU-da "Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə" qəbul edilib, bu vəzifələrin icrası üçün yeni "Təhsilin keyfiyyətinini təminatı və innovasiya" şöbəsi yaradılıb. Bundan əlavə, Azərbaycan Tibb Universitetinin yeni atributları - gerbi və loqosu qəbul edilib. Bütün bunlar tələbələrimizin daha da həmrəy olmasına və ATU-nun daha yaxşı təqdimatına yardımçı olub".
BURAXILIŞ VƏ DÖVLƏT İMTAHANLARI YENİ FORMADA
G.Gəraybəyli bildirib ki, ATU-da tətbiq edilən yeniliklərdən biri - tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi - açıq sualların tətbiqi ilə bağlı olub: "İstəyirik ki, ATU-nun məzunları artıq bilikli, tam yetişmiş həkim kimi universiteti bitirsinlər. Bunun üçün də imtahanlar, tədris prosesinin təkmilləşdirilməsi ən vacib meyarlardan biridir. Bu məsələ ilə bağlı əsasən 2 istiqamətdə işlər aparılıb. Birincisi - obyektivliyin, şəffaflığın artırılması, hansısa subyektiv faktorların aradan qaldırılması, ikincisi - tələbələrin praktiki vərdişlərinin yüksəldilməsi. Artıq ATU-da Buraxılış Dövlət İmtahanları yeni formada - Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. Biz bunu ən əsas dəyişiklik adlandıra bilərik. Çünki indiyədək tələbələrin əsasən nəzəri bilikləri qiymətləndirilirdi. İndi isə tələbələrin gələcəkdə bacarıqlı həkim kimi yetişməsinin göstərici olan praktiki bacarıqlarına da qiymət verilir. Tələbələrə bir neçə dəqiqə ərzində konkret tapşırıqları yerinə yetirmək təklif olunur, məsələn, xəstəyə süni nəfəs vermək, ürəyi masaj və s.
Qeyd edim ki, bu imtahanlarda iştirak edən tələbələrin həqiqi rəyini öyrənmək üçün imtahan aparılan mərkəzlərdə anonim qutular yerləşdirdik. Məlum oldu ki, tələbələr yeni sistemin tətbiqindən razıdırlar. Artıq birinci kursların kurs imtahan forması də dəyişib. Çünki bir neçə il bundan öncə universitetin keçmiş rəhbərliyinin təşəbbüsü ilə ATU-da test imtahanları tətbiq edildi. Məqsəd şəffaflığa nail olmaq, müəllim-tələbə münasibətlərində xoşagəlməz və neqativ halların qarşısını almaq idi. Buna da nail olundu. Təəssüf ki, bu test imtahanlarında da problemlər yaşandı. Ancaq biz istədiyimiz obyektivliyi itirdiyimiz üçün beynəlxalq təcrübədən istifadə etdik, mütəxəssisləri dəvət etdik. Bu şəxslər ATU-nun müəllimləri deyil, sırf testlə məşğul olan nümayəndələrdir. Onların artıq bir neçə Avropa ölkələrində - Almaniya, İsveçrə və s. digər ölkələrdə təcrübələri var. Biz onları dəvət etdik, fikirlərini öyrəndik. Bu yenilik həm imtahan zamanı tələbəyə verilən vaxtda, həm də sualların keyfiyyətində özünü göstərdi. Biz imtahandan bir ay öncə sualları internetə yerləşdirdik. Bu, tələbəni öz-özünü təkmilləşdirməsinə imkan verir. Müşahidə edirdik ki, tələbələr hər dəfə suallardan daha çox bal toplayır. Demək, tələbə hər dəfə daha yaxşı hazırlaşır, özünü təkmilləşdirir".
ATU REKTORU YANINDA İCTİMAİ NƏZARƏT VƏ MƏSLƏHƏT ŞURASI YARADILIB
Rektorun dediyinə görə, ilk dəfə olaraq, işlərin daha düzgün qiymətləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması üçün Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb, şuranın əsasnaməsi qəbul edilib. Hazırda həmin təşkilatın üzvləri arasında millət vəkilləri, ölkənin tanınmış KİV rəhbərləri, QHT sədrləri var. Onlar mütəmadi olaraq ATU-da olur, imtahanların gedişini, qəbul prosesini izləyirlər, iradlarını, məsləhətlərini səsləndirirlər. Artıq onların təklifləri əsasında bəzi islahatlar da aparılıb. Daha sonra rektor qeyd etdi ki, imtahanlarla bağlı mühüm dəyişikliklərdən biri də Elektron Universitetin yaradılması ilə bağlıdır. Belə ki, əvvəllər imtahanların nəticələri adi qaydada təqdim olunurdu. İndi isə ATU-da yeni yaradılmış İnformasiya texnologiyaları şöbəsinin vasitəsilə imtahan nəticələri statistik formada hazırlanır və dekan müavinlərinə təqdim edilir. Burada qiymətlərin statistikası, ümumi imtahanın statistikası açıqlanır. Elektron Universitetin tətbiqi bu prosesdə insan faktorunu, demək olar ki, heçə endirib. Əvvəllər 2 günə görülən işlər indi 10 dəqiqəyə icra olunur. Hazırda ATU-da yaradılan sistem beynəlxalq standartlara uyğundur.
ƏCNƏBİ VƏTƏNDAŞLARIN ATU-ya QƏBULU YENİ FORMADA APARILIR
G.Gəraybəyli vuğulayıb ki, artıq Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılır. Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir.Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələdə namizədlərlə "Skype" bağlantısı vasitəsilə müsahibə aparılır. Müsahibə 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. "Skype"la müsahibə 8-10 dəqiqə davam edir. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir.
ELEKTRON JURNAL
Rektorun söylədiyinə görə, maraqlı yeniliklərdən biri elektron jurnalın tətbiqi ilə bağlıdır. Bu jurnalda tələbənin nömrəsi kodlaşdırılıb və onun haqqında olan bütün məlumatlar buraya daxil edilir. Tələbənin nömrəsinə baxmaqla, onun hansı ildə məktəbə qəbul olduğu, tədrisi hansı dildə keçdiyi, hansı sırada qeydiyyatda olduğunu bilmək mümkündür. Bu sistem tam şəffaflığa təminat verir, çünki hansısa məlumatı sonradan dəyişmək mümkün deyil. Tələbə kodunu daxil edib sistemə girəndə öz qiymələrini, onun üçün dekanlıq və ya universitet tərəfindən yerləşdirilən elanları da görür: "Biz çalışırıq ki, tələbələr rəhbərliyə yaxın olsun. Biz onları narahat edən məsələlərdən daim xəbərdar olaq, yaranmış problemlərin həllinə nail olaq. Odur ki, tələbələrin idarəetməyə cəlb olunması sahəsində də mühüm dəyişikliklər etmişik. Hər fakültədə tələbələrin dekanları seçilib. Onlar fakültə və universitetin Elmi Şuralarına, rektoryanı şuraya tələbələrin arzu və istəklərini, şikayətlərini çatdırırlar. Tələbələrimiz elektron jurnal vasitəsilə də müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəklər. Jurnalda bu məqsədlə xüsusi pəncərə var. Bura daxil olarkən tələbələr imtahan prosesinin gedişi, həmçinin, müəllimlər barədə sualları cavablandıra bilərlər. Həmçinin, tələbələr üçün cədvəlləri, dərsləri beynəlxalq səviyyəyə çatdırmaq üçün bu ildən kurasiyalar ləğv olunub. Həmçinin, yay istehsalat təcrübəsinin yay aylarında keçirilməsi ləğv olunub, onlar semestr ərzində aparılacaq".
ATU-nun PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN FƏALİYYƏTİ BAL-REYTİNQ SİSTEMİ İLƏ QİYMƏTLƏNDİRİLİR
G.Gəraybəylinin sözlərinə əsasən, ATU professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə, komissiya və bal-reytinq şkalası yaradılıb. Bu tədris ilindən etibarən bütün müəllimlər bal-reytinq şkalasından keçdikdən sonra müsabiqəyə buraxılırlar. Reytinq balları sırasına digər göstərilənlərlə yanaşı, müəllimlərin tələbələr tərəfindən anket sorğusu vasitəsilə qiymətləndirilməsinin nəticələri də daxil edilib.
XARİCİ TƏLƏBƏLƏRƏ DƏRS DEYƏN MÜƏLLİMLƏR İMTAHAN OLUNUB
G.Gəraybəyli bildirib ki, ATU xarici tələbələrin sayına görə, ölkə üzrə birinci yerdədir. Bu gün universitetdə Türkiyə, İran, Suriya, İsrail, Fələstin, İordaniya, İraq, Pakistan, Sudan, Rusiya, Yəmən, ABŞ, Əfqanıstan, Kanada, Misir, Finlandiya, Böyük Britaniyadan olan vətəndaşlar təhsil alır: "Bu il bizə sözün əsl mənasında xarici tələbə axını var. Bu, bir tərəfdən bizim üçün sevindirici haldır. Bu hal universitetinin nüfuzunun, reytinqinin artmasının göstəricisidir. Digər tərəfdən, bu, professor-müəllim heyəti üçün əlavə məsuliyyətdir. Belə hal ATU-da ingilis dilini bilən müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksək olmasını tələb edir. Biz xarici tələbələrə dərs deyən müəllimlərin ingilis dili biliklərini qiymətləndirmək üçün iki mərhələli intahan keçirmişik. İmtahanda yüksək nəticə göstərən müəllimlərin gələcəkdə əmək haqqının artırılması nəzərdə tutulub".
ATU-da ELMİ İŞLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ APARILMASI ÜÇÜN KİFAYƏT QƏDƏR ŞƏRAİT VAR
G.Gəraybəylinin dediyinə əsasən, son tədris ili ərzində ATU-da 4 kafedra birləşdirilib: "Əsas məqsədlərimizdən biri tədris proqramlarımızı dünyanın məşhur universitetlərinin tibb fakültələrinin proqramlarına uyğunlaşdırmaqdır. Bizim tibbi təhsilimizin səviyyəsi dünya səviyyəsinə uyğun olmalıdır. Digər tərəfdən, tələbələrin mübadiləsi mümkün olmalıdır. Çünki texniki və ya iqtsadi ixtisas üzrə oxuyan tələbə heç bir problemsiz Türkiyəyə gedib orada 1 il oxuya, daha sonra yenidən öz universitetinə qayıdaraq orada təhsilini davam etdirə bilir. Bizim universitetdə isə belə imkan yoxdur. Xarici ölkələrlə bizim universitetimizin proqramlarının fərqliliyi buna imkan vermir. Ona görə də ATU-dan Türkiyəyə gedib oxuyan tələbə qayıtdıqdan sonra burada yenidən 1 il artıq oxumalıdır. Biz bu proqramları uyğunlaşdırmaq üçün İstanbul Tibb Universiteti, Hacettepe Universiteti ilə görüşlər aparmışıq. Universitetimizdə elmi işlərin yüksək səviyyədə aparılması üçün kifayət qədər şərait var. Azərbaycanda ayrı heç yerdə olmayan elektron mikroskop ATU-da var. Müxtəlif sahələrdə araşdırma aparmağa imkan verən labarotoriyalarımız, elmi tədqiqat mərkəzimiz var. Onların bəzilərini yeniləməyi planlaşdırırıq. Hazırda əsas hədəfimiz xarici ölkələrin universitetləri ilə qarşılıqlı elmi işlər aparmaqdır. Bunun üçün biz müxtəlif universitetlərlə qarşılıqlı əməkdaşlıq sazişləri bağlayırıq. Ümid edirik ki, sadaladığımız və adını çəkmədiyim digər islahatların köməyilə Azərbaycan Tibb Universiteti kimi qocaman ali təhsil ocağında təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olacağıq".
"525-ci qəzet"