Azərbaycan Tibb Universitetində Rusiya Elmi-tibbi Terapevtlər Cəmiyyəti ilə birlikdə təşkil edilmiş beynəlxalq konfrans işə başlayıb.
Medicina.az xəbər verir ki, konfransın əvvəlində bəşəriyyətin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verilib, bu qırğının qurbanlarının xatirəsi yad edilib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək konfransın koronavirus, postkovid sindomu, kardiologiya və revmatologiya, allerqologiya və digər əhəmiyyətli mövzuları əhatə etdiyini bildirib. Qeyd edib ki, XXI əsrdə daxili xəstəliklərin sayı kifayət qədər artıb ki, bu da ürək-damar xəstəlikləri və xroniki ağciyər problemlərinin çoxalmasına səbəb olub: “XXI əsr biz həkimlər üçün yeni xəstəlik olan və artıq 6 milyondan çox insanın ölümünə səbəb olan COVİD-19 pandemiyasını gətirdi.
Məhz pandemiya dövründə aydın oldu ki, yanaşı xəstəlikləri olan insanların vəziyyəti daha ağır olur. Müasir dövrdə kiminsə yalnız bir xəstəliyinin olması nadir hadisədir. 65 yaşdan yuxarı insanların əksəriyyətinin azı 3 xəstəliyi olur, bu da yaşlı insanlarda ölüm riskini artırır. Konfransın mövzusu da məhz komorbid - birgə xəstəliklərin patalogiyalarına həsr olunub”.
G.Gəraybəyli aktual tibbi problemlərə həsr olunmuş konfransın iştirakçılarına uğurlar arzulayıb.
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-tibbi Terapevtlərin Cəmiyyətinin rəhbəri Anatoli Martınov elmi-praktiki konfransın qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük önəm daşıdığını bildirib. Qeyd edib ki, bu kimi tədbirlər Azərbaycan və Rusiya arasında münasibətlərin güclənməsinə, həm dostluq, həm də elmi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bu tədbiri qarşılıqlı münasibətlərin güclənməsinə bir töhfə kimi qəbul etmək olar.
Sonra Rusiya Elmi-tibbi Terapevtləri Cəmiyyəti adından ATU rektoru, professor G.Gəraybəyli, ATU-nun elmi işlər üzrə Rauf Bəylərov və universitetin elmi-tibbi koordinatoru Sevil Əsədova “İbn Sina” ordeni ilə təltif olunublar. Bu orden Rusiya Elmi-tibbi Terapevtləri Cəmiyyəti ilə aktiv əməkdaşlıq və iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsi işinə töhfəsinə görə təqdim edilib.
Konfransın panel iclaslarında Azərbaycanın və Rusiyanın müxtəlif tibbi-elmi müəssisələrinin mütəxəssisləri çıxış ediblər. “COVID-19 dünən, bu gün və sabah”, “Vərəm və COVID-19 ko-infeksiyası”, “Osteoartrozun müasir konsepsiyası”, “Sistemik birləşdirici toxumun xəstəlikləri ilə əlaqəli vaskulitlər” və digər mövzularda məruzələr səsləndirilib. Konfrans işini “Terapevtin praktikasında komorbidlik”, “Hipertrofik kardiopatiya: diaqnostika, müalicə və müasir cari tövsiyələr”, “Prediabet: problemlər və perspektivlər”, “Yoluxucu və qeyri-infeksion xəstəliklərin klinikasında müasir enterosorbsiya” bölmələri ilə davam etdirib.