Davamlı və sürətli data mübadiləsinin aparılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən və Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinə optik xətlər çəkilir, müasir elektron tələblərə cavab verən tam yeni infrastruktur qurulur.
Bakı Baş Səhiyyə Mərkəzindən
Medicina.az -a bildirilib ki, ilkin mərhələdə artıq 30-dan çox tibb müəssisəsində bu proses yekunlaşıb və növbəti mərhələdə 70-ə yaxın tibb müəssisəsində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Görülən bu tədbirlərin əsas məqsədi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kağız daşıyıcılar
üzərində olan bütün sənədləşmə işlərinin rəqəmsallaşdırılmasıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən bu prosesin sonunda tabeli tibb müəssisələri Agentliyin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin vahid bazası ilə davamlı data mübadiləsi, müəssisələrarası şəbəkə əlaqəsi və kəsintisiz internetlə tam təmin ediləcək.
Proses yalnız optik xətlərin çəkilməsi ilə yekunlaşmır, sonrakı mərhələdə müəssisələrin daxili şəbəkə infrastrukturu da tam yenidən qurulacaq və bu da öz növbəsində həm müəssisələrin əməkdaşlarının, həm də vətəndaşların
işlərini xeyli asanlaşdıracaq.
Mərkəzdən o da bildirilib ki, optik xətlərin çəkilməsinin digər üstün cəhətlərindən biri də asan idarəetmənin həyata keçirilməsidir.
Belə ki, bütün tibb müəssisələrində optik infrastruktur qurulduqdan sonra məlumat təhlükəsizliyinin qorunması məqsədilə onların elektron sistemlərə giriş-çıxışına və eləcə də data məlumatlara nəzarətin həyata keçirilməsinə etibarlı imkan yaradılacaq.
Qeyd edək ki, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, habelə, vətəndaş məmnunluğunun təmin olunmasına imkan verəcək.