Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilir (FOTO)

  • 2019.02.19 10:44
  • 18723 Baxış
“Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilir  (FOTO)
 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlərə start verildi.


Medicina.az xəbər verir ki, təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda sertifikasiya, tibb işçilərinin vahid reyestrə daxil edilməsi qaydaları barədə məlumat verdi: "Sertifikasiya – səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri ölkəmizdə beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”.


Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Rezidentura sektorunun müdiri Nəsimi Məmmədov Azərbaycanda rezidenturaya qəbulun aparılması qaydaları haqqında danışaraq qeyd etdi ki, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu onlayn həyata keçirilir və imtahanlar test üsulu ilə iki mərhələdə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova Azərbaycanda rezidentlərin qiyməltləndirilməsi və attestasiyası barədə ətraflı məlumat verdi.


Amerika Birləşmiş Ştatlarından (ABŞ) dəvət olunmuş mütəxəssislər, Viskonsin Tibb Kollecinin Plastik cərrahiyyə kafedrasının Fəxri professoru Devid Larson (David Larson) və Oreqon Sağlamlıq və Elm Universitetinin Fəxri professoru Ceyms Smit (James D. Smith) ABŞ-da rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, o cümlədən digər ölkələrdəki rezidentura təhsili sistemlərindən söz açdılar.



Beşgünlük təlimlər zamanı iştirakçılar sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri (ÇSS, esse, şifahi imtahan, OSKİ (OSCE) və praktik imtahan) və onların müsbət və mənfi cəhətləri, çox seçimli sualların (ÇSS) yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi ilə tanış olacaqlar.


Eyni zamanda həftə ərzində aparılan müşahidələri təhlil etmək, tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası prosesini təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr aparılacaq.