Yüksək qan təzyiqi müxtəlif səbəblərdən yüksələ bilər.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu məlumat verib.
O bildirib ki, normalar zaman-zaman dəyişsə də yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 mm civə sütunundan yuxarı və diastolik təzyiqin 90 mm civə sütunundan yuxarı olması kifayətdir.
"Yüksək təzyiqin yaranması ilkin və ikincili səbəblər olaraq dəyərləndirilir. İlkin səbəblər ürək mənşəli olur. Bunlara ürək çatışmazlığı, ürəkdəki zəifləmə, ürək klapanlarındakı problemlər aid edilir.
İkincili yüksək təzyiqin əsas səbəblərindən biri də böyrəyə qan götürən damarlardakı darlıqdır. Daha çox gənc xəstələrdə görünən bu problem nəticəsində yüksək təzyiq dərmanlarla idarə oluna bilmir. Bəzi həyat tərzi vərdişləri, genetik meylin də təyiqin davamlı yüksəlməsində mühüm rolu var. Duz istehlakı, stress, artıq çəki buna misaldır. Digər tərəfdən qalxanabənzər vəzi, böyrək çatışmazlığı, şəkər xəstəliyi kimi xəstəliklər də yüksək təzyiqə səbəb ola bilər" - deyə mütəxəssis qeyd edib.
İ.Tahiroğlu əlavə edib ki, yüksək təzyiq zamanında müdaxilə edilməzsə, ağır fəsadlar əmələ gətirir.
"Ürək-damar sistemində, beyin qan dövranında pozğunluqlar və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir. Bu səbəbdən yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Bir çox halda həyat tərzinin dəyişikliyi, düz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə bu təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır" - deyə o bildirib.