Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və yaşam tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil yaşam tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaqla hipertoniyanın qarşısını almaq və ya ortaya çıxmasını gecikdirməyə kömək edəcək.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev qan təyziqi ilə bağlı suallarımızı cavablandırıb.
Əslində qan təzyiqin 120/80 mmHg-dan aşağı olması optimal sayılır. 120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir.
Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edirlər. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artmaqdadır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır.
Yüksək qan təzyiqində sadəcə gündüz ölçmələri kifayət deyil. Gecə vaxtı qan təzyiqin ölçümü də çox önəmlidir. Belə ki, gecə qan təzyiqləri yüksək olan şəxslərin insult və miokard infarktı riski digər hipertenziya xəstələrinə görə ən az ikiqat artıqdır. Bəzi xəstələrdə isə maskalanmış hipertenziya olur ki, bu durumda həkim kontrolunda qan təzyiqi normal olduğu halda evdə qan təzyiqi yüksək olur və ya tam tərsinə “ağ xalat” hipertenziyası adlandırdığımız durumda xəstəxanada qan təzyiqləri yüksək, xəstəxana xaricində isə normal olur. Bunu nəzərə alaraq, bütün hipertenziya xəstələrində mütləq şəkildə 24 saatlıq qan təzyiqi monitorinqi icra edilməlidir.
Yuxu apnoyesi durumu özəlliklə artıq çəki və qısa boynu olan xəstələrdə mütləq nəzərə alınmalıdır. Bu xəstələrdə gecə yuxuda xoruldama, gündüz yuxululuq, istəmsiz yatma, davamlı gün içində yorğun olub-olmadığı soruşulmalı və lazım görülən durumlarda polisomnoqrafiya (yuxu testi) icra olunmalıdır.
- İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və Bədən Kütlə İndeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır. Fiziki aktivliyə önəm verilməlidir (günlük ən az 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər).
Bu həyat tərzindəki müsbət dəyişiklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər.
- Hipertoniyanın dərman müalicəsində xəstəliyin növü, pasiyentin yaşı, həyat tərzi, kardiovaskulyar risk faktorları və mövcud olan yanaşı xəstəliklər nəzərə alınmalıdır.
Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertenziya Cəmiyyətinin tövsiyələrinə əsasən, dərman müalicəsinə kombinə olunmuş dərman preparatları ilə başlanması daha məqsədəuyğundur. Dərman müalicəsi başlayanda xəstəyə bəzi preparatların təsirinin gec və bəzən optimal nəticə əldə etmək üçün 2-4 həftəyə qədər zamana ehtiyac ola biləcəyi izah edilməlidir.
- Qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir. Biləkdən ölçüm aparan cihazların istifadəsi tövsiyə olunmur. Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçüm aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı təqiblərdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunun qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən az 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə hipertoniya diaqnozu qoyulur.