Son zamanlar 35 yaşdan sonra kişilərdə yüksək təzyiq, ürək-qan damar problemləri səbəbindən təzyiq salan dərmanlara üz tutması halları artıb.
Hipertoniyadan əziyyət çəkən kişilər həkimlərə müraciət etdikdə isə ilk növbədə gündəlik qəbul edilən dərmanlar resepti ilə qarşılaşırlar.
Lakin bəzi həkimlər təzyiq preparatlarının kişilərin cinsi həyatına, potensiyasına mənfi təsir göstərdiyini bildirir. Qeyd olunur ki, hipertoniyadan əziyyət çəkən cavan kişilər bir müddət sonra impotent olur.
Medicina.az deyilənlərə aydınlıq gətirmək üçün androloqa müraciət edib.
Həkim uroloq-androloq Xalid Kərimov Medicina.az-a açıqlamasında bildirib ki, ürək-qan damar sistemini, o cümlədən qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün təyin olunan bəzi dərmanlar cinsi zəiflik verə bilər: "O dərmanların təlimatında da qeyd olunub ki, cinsiyyət sisteminə mənfi təsiri var. Amma təzyiq, ürək-qan damar sistemi həyati vacib orqanlar sayıldığından, xəstənin həyatı üçün təhlükəni aradan qaldırmaq məqsədilə bu preparatlar mütləqdir və uroloji, cinsi sistem artıq ikinci planda olur. Bir uroloq kimi mənim ixtiyarım yoxdur ki, o dərmanları təxirə salım. Əlbəttə kişilərin uroloji, cinsi sisteminin zəifləməsi uroloqlar üçün narahatverici məqamdır və pasiyentlər bu problemlərlə bizə müraciət edir.
Lakin bir məsələ də var ki, kişi cinsi baxımdan zəif ola bilər, amma bu onun həyatı üçün təhlükə daşımır. Onu da bildirim ki, bu dərmanlar sonsuzluq yaratmır”.
Həkim libidonu aşağı salan, potensiyaya daha çox təsir edən preparatın atorvastatin tərkibli preparatlar olduğunu da qeyd edib ki, bu preparat qanda xolesterini azaltmaq üçün ikiqat təsirə malikdir.