Veqanlara və allergiyadan əziyyət çəkənlərə inək südü əvəzinə tarakan südü təklif olunacaq.
“Medicina” xəbər verir ki, əksər insanlar üçün bu ifadənin özü və tarakanı görmək belə ürəkbulanma hisslərini oyadır.
İki il əvvəl aparılan elmi araşdırma ilk dəfə tarakan südünün inək südünə alternativ ola biləcəyini ortaya qoydu.
Söhbət mətbəxdə gəzişən qara tarakan növündən yox, nəsillərini qidalandırmaq üçün süd ifraz edən Sakit okean dişi tarakanlarından gedir.
Tədqiqatçılar, bu sarımtıl mayenin tərkibində bütün planetdəki ən qidalı maddələrin toplandığını aşkar ediblər. Məsələn, onun tərkibində camış südündən üç dəfə çox kalori var ki, bu da hazırda bütün məməlilər süd məhsulları arasında ən kalorili sayılır. Tarakan südünün tərkibində sağlamlıq üçün faydalı olan çoxlu protein və amin turşuları da var.
Süd və süd məhsullarına allergiyası olanların sayı artır. İnək südünə sağlam bir alternativə sahib olmaq istəyən veganların sayı da artır.
Ayova Universitetinin professoru Barbara Stay hesab edir ki, tarakan südünün məqbul miqdarda istehsalı çox baha olardı. Ancaq bir müddət əvvəl Cənubi Afrika şirkətlərindən biri həşəratlardan alınan süddən dondurma istehsal etdi. Ekoloji cəhətdən təmiz, qidalı, laktozasız, ləzzətli dondurma alıcıların xoşuna gəlmişdi.
Aygün Musayeva